30 illik həsrətə son: İndi yollar Qarabağa aparır 

30 illik həsrətə son: İndi yollar Qarabağa aparır 

İSTİQAMƏT: 6.3.7. işğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış

Qarabağa Böyük Qayıdış Proqramı artıq ötən ilin iyul ayından başlayıb.

30 illik işğal tarixindən sonra Qarabağ sakinlərinin öz dədə-baba torpaqlarına ötən ilin 19 iyul tarixindən ilk köçü baş tutdu.

Qeyd edək ki, ilk olaraq Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdış Proqramı üzrə Zəngilan rayonunda “Ağıllı kənd” konsepsiyası əsasında yenidən salınmış Ağalı kəndinə sakinlərin köçürülməsinə başlanıldı. Böyük Qayıdış Proqramı mərhələli şəkildə həyata keçirilir. Bunun səbəbi isə Ermənistanın 30 illik işğal tarixi müddətində Qarabağda törətdiyi ekoloji və iqtisadi, eləcə də hərbi terrorun miqyasının böyük olmasıdır.

Müharibə 2020-ci ilin 10 noyabr tarixində bitib, amma bu gün də ərazilərimizdə minatəmizləmə prosesi davam etdirilir. Eyni zamanda, işğal müddətində yaşayış məskənləri dağıdılıb, infrastruktur tamamilə məhv edilib. Postmüharibə dövründə isə Azərbaycan sürətli tikinti-quruculuq işlərinə başlayıb.

Qısa müddətdə Füzulidə və Zəngilanda beynəlxalq hava limanı tikib istifadəyə verdi, üçüncü hava limanı isə Laçında inşa edilir. Qısa zamanda Laçın Hava Limanının da istifadəyə veriləcəyi gözlənilir. Eyni zamanda qısa müddətdə bir sıra şəhər mərkəzləri, yaşayış məskənləri, kommunal, yol infrastruktları bərpa edilib.

Quruculuq işləri bu gün də sürətli şəkildə davam etdirilir. Prezident İlham Əliyev 10 mayda xalqa müraciətində də bu məsələyə toxunub və işlərin davam etdirildiyini vurğulayıb.

“Mən mayın 2-dən bu günə qədər Qarabağ və Şərqi Zəngəzurda bir çox tədbirlər keçirilmiş, 10 kəndin təməli qoyulmuş, bir çox açılışlar həyata keçirilmişdir.

On günə yaxın Qarabağ və Şərqi Zəngəzurda olarkən bir daha əyani şəkildə görürəm ki, Qarabağ və Şərqi Zəngəzur dirçəlir, yollar, körpülər, tunellər, elektrik stansiyaları, su anbarları, məktəblər, xəstəxanalar, yaşayış binaları, məscidlər inşa edilir, yenidən qurulur və ya təmir olunur, elektrik xətləri çəkilir. Bütün bu quruculuq işlərinin təməlində Azərbaycan xalqının maraqları dayanır”, - deyə Prezident İlham Əliyev vurğulayıb.

Bütün bunlar isə Böyük Qayıdış Proqramının tərkib hissəsidir. İşğaldan azad olunmuş ərazilərdə təhlükəsizlik, tikinti, quruculuq işləri yekunlaşdıqca, sakinlərin köçürülməsi prosesi də həyata keçirilir.

Növbəti köç isə Laçın şəhərinə olacaq. Bunu anonsunu da Prezident İlham Əliyev Məsim Məmmədovu Prezidentin Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunda xüsusi nümayəndəsi təyin olunması ilə əlaqədar qəbul edərkən vermişdi:

“Laçın şəhərinin yenidən qurulması keçən ilin avqustun 26-dan bu yana icra edilir. Birinci mərhələdə Laçın şəhərində 500-ə yaxın fərdi ev inşa edilir və ya ermənilər tərəfindən dağıdılmış evlər yenidən bərpa olunur”.

Çoxmərtəbəli səkkiz yaşayış binasının yenidən qurulduğunu, 30-dan çox ictimai binanın inşa edildiyini vurğulayan dövlətimizin başçısı bildirib ki, bütün bu işlər ilin sonuna qədər başa çatdırmalıdır.

“Minlərlə insan artıq bu ilin sonuna qədər Laçın şəhərində yaşayacaq və laçınlılar bu il öz doğma diyarına qayıdacaqlar”,-deyə Prezident vurğulayıb.

Göründüyü kimi, Qarabağa Böyük Qayıdış Proqramı artıq icra olunur. Bu proses yaxın illərdə yekunlaşacaq və nəhayət, Qarabağ əhalisinin 30 illik həsrətinə birdəfəlik son qoyulacaq.

Mövzu ilə bağlı Cebhe.info-ya danışan Milli Cəbhə Partiyası (MCP) sədrinin birinci müavini Rafiq Daşdəmirli deyib ki, 44 günlük Vətən müharibəsindəki şanlı qələbədən sonrakı mərhələ Böyük Qayıdış Proqramının həyata keçirilməsi idi:

“Bununla bağlı qayıdış konsepsiyası üzrə işlər görülməyə başlanıldı və artıq işğaldan azad olunmuş bəzi ərazilərə yenidən həyat qayıdıb. Dövlət tərəfindən ilk olaraq Qarabağın hava qapısı hesab olunan Füzuli Hava Limanının tikilməsi və onun açılışı qayıdış proqramının başlanğıcının təzahürüdür. Qarabağın və Şuşanın yenidən tikilməsi, Ağalı kəndinə köç insanlarımızda bir qurur mənbəyinə çevrilib.

Qarabağın dirçəldilməsi, infrastrukturun bərpası, məcburi köçkünlərin doğma yurd-yuvalarına ən qısa zamanda qayıtması üçün bütün imkanların səfərbər edilməsi Qarabağa qayıdışı qısa zamanda reallığa çevirdi. 30 il ərzində ermənilər tərəfindən dağıdılan, xarabalığa çevrilən Qarabağı həm də qarış-qarış minalayıblar.

Bu qədər ağır işin öhdəsindən gəlmək asan olmasa da, dövlət bu işlərin yerinə yetirilməsi üçün tam səfərbər olub. Bir yandan infrastrukturun qurulması, bir tərəfdən minaların təmizlənməsi, digər tərəfdən də sərhədlərimizin qorunması heç də asan deyil. Amma bütün bunlara baxmayaraq, Böyük Qayıdış Proqramımız uğurla davam etməkdədir”.

QEYD: Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.

Vilayət Muxtar
Cebhe.info