Azərbaycanda fikir və söz azadlığı necə qorunur?

Azərbaycanda fikir və söz azadlığı necə qorunur?

İSTİQAMƏT: 6.3.2. fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsi

Söz və məlumat azadlığı bütün dövrlərin aktual məsələsidir.

Eyni zamanda, bu məsələ hər zaman fikir ayrılığı yaradır. Günümüzdə sosial şəbəkələrin xeyli populyar olması əslində ölkədə bu sahədə hansısa məhdudiyyətin olmadığı deməyə əsas verir. Çünki sosial şəbəkələrdə doğru və yalan istənilən növ məlumata rast gəlmək mümkündür. Hətta bir çox hallarda saxta ittihamlar, təhqirlər də yazılır, paylaşılır. Bir çox ölkələrdə bu cür neqativ halların qarşısını almaq üçün sosial şəbəkələrə müəyyən məhdudiyyətlər gətirilib. Amma Azərbaycanda hələlik bir məhdudiyyət tətbiq olunmur.

Bəzi hallarda ictimai narazılıq yaradan paylaşımlarla bağlı inzibati tədbirlər görülsə də, geniş ölçüdə məhdudiyyət yoxdur. Bu isə mütəxəssislər tərəfindən həm dəstəklənir, həm də tənqid olunur. Bəziləri hesab edir ki, sosial şəbəkələrə bu qədər azad vermək fikir, söz və məlumat azadlığı baxımından lazımlıdır. Bəziləri isə bu qədər azadlıqlıq zərərli olduğu qənaətindədir. Texnologiyaların inkişafı bu istiqamətdə geniş imkanlar yaradır. Fikir, söz azadlığına məhdudiyyətlər tətbiq olunmadan sosial medianın nəzarətə alınması müasir dünyanın əsas gündəmlərindən birinə çevrilib. Azərbaycan da müasir texnologiyalara uyğunlaşmaqla bu məsələdə hansısa tənzimləmələrə getməlidir. Bu, elə bir sahədir ki, daim islahatlara ehtiyac duyulur. Dünya dəyişdikcə, müasir texnologiyalar inkişaf etdikcə, onunla uyğunlaşmaq məcburi olur.

Deputat Naqif Həmzəyev mövzu ilə bağlı Cebhe.info-ya açıqlamasında deyib ki, Azərbaycanda fikir, söz və məlumat azadlığının inkişaf etdirilməsi üçün münbit şərait var:

“Bu sahədə hökumət öz üzərinə düşən işləri görür. Xüsusilə də Medianın İnkişafı Agentliyi tərəfindən ADA Universiteti ilə birgə təlimlərin təşkil edilməsi, jurnalistlərin, mütəxəssislərin bu təlimlərdə bilik və bacarıqlarını artırması, düşünürəm ki, məhz fikir və söz azadlığının artırılması inkişaf etdirilməsinə tövhələrdən biridir. Bütün bunlarla yanaşı “Media haqqında” Qanun layihəsinin qəbul edilməsi məhz bu sahədə çalışan jurnalistlərin reyesterdən keçməsi, profesionalların önə çəkilməsi inkişafın sürətlənməsinə təkandır. Ancaq bütün bunlara baxmayaraq, bütün sahələrdə olduğu kimi, burada da mütəmadi olaraq çevik və faydalı addımların atılması zəruridir. Bizim ən böyük üstünlüyümüz ondan ibarətdir ki, Azərbaycanda internet və sosial media tamamilə azaddır. Burada heç bir təqib, məhdudiyyətin şahidi olmuruq. Hətta sosial mediada çox zaman tənqid və təhqir qarışdırılsa da, insanların hüquqları pozulsa da, yenə də digər ölkələrdən fərqli olaraq nəzarət mexanizmi və qadağalar o qədər də çox gözə çarpmır. Ancaq istənilən halda bu proseslər də müəyyən dərəcədə tənzimlənməlidir. Bu tənzimləmələr isə ilk növbədə maarifləndirmə, təbliğat yolu ilə həyata keçirilməlidir ki, sosial media istifadəçiləri bu məqamları, tənqidi təhqirdən ayıra bilsinlər. Söz, fikir azadlığına hörmətlə yanaşa və dözümlülük nümayiş etdirə bilsinlər”.

Deputat əlavə edib ki, bütün hallarda beynəlxalq təcrübəyə inteqrasiya etmək mütləqdir:

“Çalışmalıyıq ki, söz, fikir və məlumat azadlığını inkişaf etdirməklə yanaşı, bu sahədəki azadlığı məhdudlaşdırmadan, hansısa çərçivəyə salmadan cəmiyyətin inkişafına töhfə verə biləcək səviyyəyə çatdıraq. İnsanlarımız öz fikirlərini, ideyalarını hər zaman rahatlıqla səsləndirə bilsinlər. Onların bu fikirləri təqiblər və ya hansısa təzyiqlərlə müşahidə edilməsin. Əsas odur ki, bu cür narazılıqlar insanlar arasında hansısa xoşagəlməz nəticəyə gətirib çıxarmasın. İstənilən halda Azərbaycan hökuməti üzərinə düşən işi görür. Azərbaycanda söz və fikir azadlığı mövcuddur. Ancaq bu sahədə mütəmadi olaraq islahatlar və yeniliklər həyata keçirilməlidir. Çünki müasir dövrdə yeni çağırışlar var və bu çağırışlara da Azərbaycan mütləq cavab verməlidir, inkişafa ayaq uydurmalıdır”.

Fikir, söz və məlumat azadlığı elə bir məhfumdur ki, bu məsələdə mütləq qaydada daimi işlərin görülməsinə ehtiyac var. Bu gün media, sosial şəbəkələr kifayət qədər əlçatandır və bəzən internet istifadənin bu qədər sərbəst olması ciddi problemlərə də yol açır. Bu baxımdan daimi olaraq bu məsələlərin söz və fikir azadlığını məhdudlaşdırmadan tənzimlənməsi lazımdır.

QEYD: Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.

Vilayət Muxtar
Cebhe.info