Cəmiyyətin sosial və siyasi fəallığı: Yeni qanun nə vəd edir?

Cəmiyyətin sosial və siyasi fəallığı: Yeni qanun nə vəd edir?

İSTİQAMƏT: 6.3.3. insan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığının artırılması

Cəmiyyətin sosial və siyasi fəallığı ölkənin güclənməsi baxımında önəmli faktordur.

Bunun üçün bir neçə məqama diqqət yetirilməlidir ki, onların da başında insan hüquq və azadlıqlarının müdafiəsi gəlir. Cəmiyyətin böyük bir hissəsi öz hüquqlarını bilmir. Bu isə maarifləndirmə işinin qənaətbəxş olmamasından yaranıb. Eyni zamanda, bu məsələdə siyasi partiyaların, vətəndaş cəmiyyəti institutlarının üzərinə ciddi məsuliyyət düşür. Sivil qaydada vətəndaşların siyasi proseslərə cəlb olunması, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi məhz partiyaların üzərinə düşən vəzifələrdən biridir. “Siyasi partiyalar haqqında” yeni qanun qəbul olunandan sonra bu sahədə də inkişafa nail olunacağı gözlənilir. Azərbaycan cəmiyyəti bir sıra məsələlərdə birləşməyi, vahid güc olmağı bacarır. Bunun ən bariz nümunəsini 44 günlük Vətən müharibəsində bütün dünya gördü.

Siyasi kimliyindən, sosial mövqeyindən və durumundan asılı olmayaraq, hər kəs vahid yumruq halında birləşdi və qazanılan tarixi qələbədə bu məqam önəmli paya sahibdir. Bu gün ölkədə bir sıra beyin mərkəzi, strateji mərkəzlər, ictimai-siyasi institutlar fəaliyyət göstərir. Bu təşkilatlarda kifayət qədər aktiv gənclər var. Dövlət qurumları yanında yaradılan könüllülük institutu dəa bu istiqamətdə atılan önəmli addımlardır. Bütün bu fəaliyyət gələcəkdə ölkədə sosial və siyasi fəallığın artırılmasında önəmli faktora çevriləcək.

Mövzu ilə bağlı Cebhe.info-ya danışan deputat Cavid Osmanov deyib ki, hər bir ölkə insanların sosial və siyasi fəallığının artırılması məqsədi ilə müasir zamanın tələblərinə uyğun inkişaf mərhələsini keçməlidir:

“Ölkələr bunun üçün çalışmalıdır. İlk növbədə onu qeyd etmək lazımdır ki, Azərbaycan müxtəlif zamanlarda fərqli təzyiqlərə məruz qalmasına baxmayaraq, xalqımız milli adət-ənənələrini, dəyərlərini, dilini, dinini qoruyub saxlamağı bacardı. Azərbaycan müstəqilliyinin ilk illərində çox ağır proseslərdən keçdi. Həmin dövrdə sosial və siyasi inkişafdan söhbət belə gedə bilməzdi. Lakin 1993-cü ildə xalqın təkidli tələbi ilə ümummilli lider Heydər Əliyev hakimiyyətə gəldikdən sonra ilk olaraq milli idarəçilik sisteminin formalaşdırılması istiqamətində önəmli addımlar atdı. Eyni zamanda, Azərbaycan xalqına məxsus dəyərlərin qorunması, ölkəmizdəki tolerantlıq və multikultural dəyərlərin qorunması və inkişaf etdirilməsi istiqamətində mühüm işlər görüldü. Azərbaycan 1995-ci ildə öz milli Konstitutsiyasını qəbul etdi. Beləliklə də ölkədə azərbaycançılıq ideyası formalaşmağa başladı”.

Deputat bildirib ki, xalqın özünüdərk prosesi də vacib məqamdır. Müstəqilliyin ilk illərində Azərbaycanın 20 faiz torpağının işğala məruz qalmasını da qeyd etmək lazımdır. Çünki bu məqam da proseslərə çox ciddi təsir göstərirdi. ümummilli lider Heydər Əliyevin siyasi xəttini 2003-cü ildən davam etdirən cənab Prezident İlham Əliyev də insanların sosial və siyasi fəallığının artırılması istiqamətində mühüm addımlar atdı”.

Deputat əlavə edib ki, milli, mənəvi dəyərlərin qorunması ilə yanaşı, demokratik prinsiplərin də inkişafı vacibdir:

“Azərbaycan da bu istiqamətdə ciddi işlər gördü. Eyni zamanda, 44 günlük Vətən müharibəsində qazanılan tarixi qələbə yeni reallıqlar yaratdı. Yeni reallıqlar da cəmiyyətin sosial və siyasi inkişafına mühüm tövfə verdi. Bu, həm də xalqın özünüdərk prosesində önəmli məqam oldu. Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə bu gün Azərbaycan zamanın tələblərinə uyğun olaraq müasir texnologiyalardan istifadə, açıq internet şəbəkəsinin formalaşması, söz azadlığı, demokratik prinsiplərin inkişaf etdirilməsi istiqamətində zəruri işlər görür. İnsanların sosial və siyasi fəallığının artrılmasından danışarkən, Milli Məclisdə geniş müzakirə olunaraq qəbul edilən “Siyasi partiyalar haqqında” yeni qanuna da diqqət yetirmək vacibdir. Çünki burada çoxpartiyalı siyasi sistemin təkminlləşdirilməsi, daha çox insanların siyasi partiyalarda təmsilçiliyi istiqamətində atılan addımlar gələcəkdə siyasi fəallığın artırılmasında önəmli rol oynayacaq. Bir sözlə, Azərbaycan dövləti ölkədə sosial və siyasi fəallığın artırılması istiqamətində mühim addımlar atmaqdadır”.

QEYD: Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.

Vilayət Muxtar
Cebhe.info