Dövlət maraqlarının müdafiəsi: Güclü xalq, güclü dövlət

Dövlət maraqlarının müdafiəsi: Güclü xalq, güclü dövlət

İSTİQAMƏT: 6.3.4. ictimai və dövlət maraqlarının müdafiəsi 

Dövlət maraqlarının müdafiəsi ölkə vətəndaşı olan hər kəsin vətəndaşlıq borcudur. Bu məsələ həm dövlət, həm də cəmiyyət üçün önəmlidir. Siyasi, sosial, dini, irqi kimliyindən asılı olaraq hər bir vətəndaşın ən ümdə vəzifəsi məhz dövlət maraqlarının müdafiəsi olmalıdır. Ümumi olaraq, hər bir ölkə, millət üçün ictimai və dövlət maraqları ön planda olmalıdır. 

İctimai və dövlət maraqlarının qorunması həm də güclü ölkə olmaq deməkdir.

Çünki ictimai və dövlət maraqlarına toxunan ən xırda məsələ belə millətə, ölkəyə, onun suverenliyinə, müstəqilliyinə zərər verə bilir. Bu baxımdan, maraqların qorunması hər kəs üçün prioritet olmalıdır. Dövlət maraqları digər ölkələrlə imzalanan müqavilələrdə, eyni zamanda yüksək səviyyəli əməkdaşlıqlarda da hər zaman ön planda dayanır. 

Heç bir iqtisadi, siyasi əməkdaşlıq dövlət maraqlarının önünə keçə bilməz və keçməməlidir. Bu məqam dəfələrlə ən yüksək səviyyədə vurğulanıb. Bu məsələdə hər kəsin üzərinə ciddi məsuliyyət düşür.

İstər siyasətçi, istər məmur, istər xidmət sahəsində çalışanlar, istər media nümayəndələri, vətəndaş cəmiyyəti təmsilçiləri, heç bir vəzifə daşımayan sadəcə insanlar da bu məsələdə üzərinə düşən məsuliyyəti bilməli və əməl etməlidir. Prezident İlham Əliyev çıxışlarının birində deyirdi: 

“Bizim mətbuatımız da, əlbəttə ki, ilk növbədə dövlətimizin strateji maraqlarını, dövlətimizin gələcəkdə də təhlükəsizlik şəraitində yaşamasını müdafiə etməlidir və milli maraqlarımızı beynəlxalq müstəvidə də qorumalıdır.

Mən hesab edirəm ki, son vaxtlar, son illər ərzində bizim mətbuatımızda bu istiqamətdə ciddi dönüş yaranmışdır. Nəzərə alsaq ki, XXI əsr informasiya əsridir, əlbəttə, biz bunu daim diqqətdə saxlamalıyıq”. 

Nəzərə alsaq ki, indiki dövrdə böyük güclər əsasən informasiya müharibəsi aparmağa üstünlük verir, bu məqama xüsusi diqqətə ehtiyac yaranır. Çünki ilk baxışdan adi görünən bir informasiya ölkə üçün ciddi problemlərə çevrilə, dövlət maraqlarını təhlükəyə ata bilər. Dövlət bu istiqamətdə də işlər aparır və onun da müsbət nəticələrini görmək mümkündür. 

Ümumi olaraq, Azərbaycanda ictimai və dövlət maraqlarının qorunmasında qabarıq formada heç bir problem görünmür. Zaman-zaman bu məsələdə problem yaratmağa çalışan qüvvələr olsa da, cəmiyyətin müqaviməti məsələlərin böyüyərək narahatedici səviyyəyə yüksəlməsinə imkan vermir.

Bu isə özlüyündə çox ciddi və müsbət məqamdır. Qlobalist və imperialist şüurun dünyadakı mühafizəkar sistemlərə qarşı açdığı savaş fonunda milli dövlətçilik ənənələrinin təbliğatının genişləndirilməsi, eyni zamanda dövlətlərin cəmiyyət daxilində milli mənafeyinin qorunması uğrunda birləşmək üçün vətəndaşlar arasında maarifləndirmə işinin genişləndirilməsi əsas ideoloji çağırışlardan biridir. 

İctimai və dövlət maraqları naminə vətəndaşların tək yumruq olmağı bacardığı ölkələrdə xalq-dövlət birliyi modeli uğurla tətbiq olunur, həmin dövlətlər qlobalist şüurların kataklizmlərindən uğurla çıxa bilir. Bu gün də bizim ölkə olaraq birliyimiz mövcuddur. “Dəmir yumruq” ifadəsinin yaranmasının səbəbi də məhz güclü xalq-dövlət birliyinin olmasıdır. 

Bu birliyin nə dərəcədə önəmli olduğunu göstərmək üçün sonda Prezident İlham Əliyevin sitatını xatırladaq: 

“Demişdim ki, bu yumruq elə belə yumruq deyil. Bu, “Dəmir yumruq”dur.

Bu “Dəmir yumruq”la düşmənin başını əzirik və əzəcəyik! Eyni zamanda, bu yumruq birliyimizin rəmzidir. Bax, bu gün Azərbaycan xalqı bu yumruq kimi birləşib! Həmişə belə olacaq! Bu birlik əbədi olacaq! Bu birlik bizə gələcəkdə də bütün vəzifələri icra etmək üçün imkan yaradacaq”. 

QEYD: Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.
 
Vilayət Muxtar 
“Cebheinfo.az”