Dövlət və cəmiyyətin inkişafı: Həm də sağlam gənclikdən asılıdır

Dövlət və cəmiyyətin inkişafı: Həm də sağlam gənclikdən asılıdır

İSTİQAMƏT: 6.3.19. Uşaq və gənclərin fiziki və mənəvi inkişafı

Hər bir ölkənin gələcəyi uşaq və gənclərin inkişafından asılıdır. Nəsil dəyişdikcə inkişaf da ona uyğun gedir. Əgər sağlam, savadlı, vətənpərvər gənclik yetişibsə, demək dövlət də inkişaf edəcək. Əksi baş verərsə, o zaman dövlətin bir çox təsisatları təhlükə altına düşür. Azərbaycanda gənclər siyasəti dövlətin prioritetlərindən biri olub. Gənclərin inkişafına göstərilən dövlət qayğısı bugünkü Azərbaycanın inkişafında özünü göstərən əsas amillərdəndir.

Ötən il Prezident İlham Əliyev Gənclər Günündə çıxışında dövlətin bu istiqamətdə 25 ildir gördüyü işləri xatırladıb. “İyirmi beş il bundan əvvəl ulu öndər Heydər Əliyevin sərəncamı ilə Azərbaycanda Gənclər Günü təsis edildi və o gündən bu günə qədər fevralın 2-də biz bu günü qeyd edirik. Ondan bir il əvvəl isə Heydər Əliyevin təşkilatçılığı və təşəbbüsü ilə Azərbaycanda Birinci Gənclər Forumu keçirilmişdir. O vaxtdan bu günə qədər gənclər siyasəti daim dövlətin prioritetləri sırasında idi. O gündən bu günə qədər bir nəsil dəyişdi və bu gün bu salonda oturan gənclər o vaxt ya hələ dünyaya gəlməmişdi, ya da balaca uşaqlar idi. Bir nəsil dəyişdi və Azərbaycan dəyişdi”,-deyə Prezident vurğuladı.

Bu gün də gənclərin fiziki və mənəvi inkişafı, vətənpərvər ruhda böyüməsi, savadlı olması üçün dövlət müxtəlif proqramlar həyata keçirir. Davamlı olaraq həyata keçirilən proqramlar gələcək üçün yatırılan insan kapitalı hesab olunur.

“Yeni Həyat” Humanitar və Sosial Dayaq İctimai Birliyinin sədri Nailə İsmayılova mövzu ilə Cebhe.info-ya bildirib ki, bu prosesin effektiv olması üçün uşaqlardan başlamaq lazımdır:

“El arasında məsəl var: “Sağlam bədəndə sağlam ruh olar”. Bu, özlüyündə bizə sağlamlığımızla, ruhumuzla, mənəviyyatımızla bağlı lazım olan mesajı çatdırır. Məlum məsələdir ki, uşaqlar daha hərəkətli və hiperaktiv olurlar. Bəzən bu hərəkətlilik valideynləri narahat edir. Əslində biz böyüklər uşaqların belə hərəkətli olmasının səbəbini onların yüksək enerjiyə sahib olduqlarında axtarsaq, yanlışlıq etməmiş olarıq. Bunun üçün uşaqlara qarşı daha diqqətli davranmaq yetərlidir. Belə ki, uşaqların hərəkətlilik imkanları vaxtında və düzgün istiqamətdə yönəldiməlidir, yəni onların idmanla məşğul olmaları üçün lazımı şəraiti yaradılmalıdır. Bu şəraitin yaradılması üçün həm valideylərin, həm də məktəbdə müəllimlərin üzərinə müəyyən vəzifələr düşür. Uşaqların fiziki olaraq sağlam böyüməsi onların mənəviyyatına böyük təsir edir. Uşaqlar idmanla məşğil olmaqla bərabər həm sosiallaşırlar, həm geniş dünyagörüşünə, mənəviyyata və mədəni dəyərlərə yiyələnən şəxsiyyət kimi formalaşır, həmçinin cəmiyyətimiz üçün layiqli vətəndaş kimi böyüyürlər. Bu günün uşağı sabahın yeniyetməsi və gəncdir”.

QHT sədri qeyd edib ki, ölkədə uşaq, yeniyetmə və gənclərin fiziki-mənəvi inkişafı, yüksək bilik və bacarığa malik olması hər zaman diqqət mərkəzindədir:

“Belə ki, uşaq və gənclərimizin fiziki tərbiyəsi, zehni, intellektual inkişafı üçün geniş imkanlar yaradılıb. Təbii ki, bədən tərbiyəsinin və idmanın inkişafı gələcək nəslin fiziki və mənəvi cəhətdən inkişafında böyük rol oynayır. Mənəvi zəngin gənclik Vətəninə, xalqına, bir sözlə, cəmiyyətimizə sadiq övlad kimi yetişmiş olur. Ölkəmiz öz müstəqilliyini bərpa etdikdən sonra hər sahədə inkişaf prosesi başladığı kimi idman sahəsi də özünün yeni inkişaf mərhələsinə qədəm qoydu. Uşaq və gənclərimizin idmana olan həvəsi günbəgün artmağa başladı. Dövlət öz idman siyasətini yeniləməklə, uğurlu işləri davam etdirir. Əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulan bu siyasət daha sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən davam etdirilərək, uşaq və gənclərə daha yüksək səviyyədə dövlət qayğısını təmin etdi. Azərbaycan Prezidenti İlham Əliyev “İdmanla məşğul olan uşaq, yeniyetmə fiziki cəhətdən sağlam olur. Eyni zamanda, yüksək mənəvi keyfiyyətlərə də malik olur”,-deyib. Ölkə başçısı onların fiziki və mənəvi cəhətdən inkişafına nail olmaq üçün bu istiqamətdə beynəlxalq əhəmiyyətli tədbirlərin həyata keçirilməsinə imza atır. Ölkəmiz iqtisadi cəhətdən inkişafa görə dünya ölkələri arasında ön sıralardadırsa, eyni zamanda idman ölkəsi kimi xüsusi yer tutur. Ölkəmizdə keçirilən yüksək səviyyəli yerli və beynəlxalq idman yarışları bunun bariz nümunəsidir. Eyni zamanda, olimpiya idman komplekslərinin, bir neçə böyük stadionun, idman zallarının inşası, Bakı Olimpiya Stadionu, Milli Gimnastika Arenası, Su İdmanı Sarayı, Bakı Atıcılıq Mərkəzi, Bakıda idman şəhərciyinin fəaliyyəti görülən işlərin uğurlu nəticəsidir”.

Nailə İsmayılova əlavə edib ki, idmançılarımızın sovetlər dönəmində əldə etdiyi qələbələr Azərbaycan adına deyil, Sovetlər Birliyi adına yazılırdı. Lakin bu gün beynəlxalq yarışda iştirak edən idmançılarımızın nailiyyətləri ölkəmizin bayrağını ucalara qaldırır və beynəlxalq ictimaiyyət qarşısında himnimiz səsləndirilir:

“Bu da gələcək nəsli, uşaq və gənclərimizi bir daha ruhlandırır, onları peşəkar idmanla məşqul olmaq üçün motivasiya edir. Qürurla demək olar ki, bədən tərbiyəsi və idman sahəsində qazanılan hər bir uğur uşaq və gənclərimizin mənəvi saflaşmasında xüsusi rol oynayır. Bu baxımdan, idman və bədən tərbiyəsinin uşaq və gənclərin fiziki və mənəvi inkişafındakı rolunu qənaətbəxş hesab etmək olar. Belə ki, uşaqların təhsil aldığı idman liseyi, müxtəlif uşaq futbol məktəbləri, şahmat klubları və s. sıralamanı artırmaq olar. Bütün bunlar göstərir ki, uşaq və gənclərin fiziki və məşəvi cəhətdən inkişafında bu kimi lisey, klub, məktəblərin və s. əhəmiyyəti çox mühümdür. Yuxarıda qeyd etdiyimiz vacib məqamlarla yanaşı, uşaq və gənclərimizin fiziki və mənəvi inkişafını təmin etmək məqsədilə bədən tərbiyəsi və idman sahəsində görüləcək daha çox işlər var. Əsasən də tam orta məktəblərdə bədən tərbiyəsi dərslərinin ciddiliyi nəzərə alınmalıdır. Çünki bu, onların həm fiziki hazırlığına, həm mənəvi inkişafına, eyni zamanda psixoloji hazırlıqlarına müsbət təsir edir, uşaqların özgüvəni artmış olur. Təbii ki, cəmiyyətimizə sağlam gələcək nəsil lazımdır!”

QEYD: Yazı Medianın İnkişaf Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.

Vilayət Muxtar

Cebhe.info