MEDİA-nın təlimləri jurnalistlərə nə verir? - SORĞU

MEDİA-nın təlimləri jurnalistlərə nə verir? - SORĞU

Medianın İnkişafı Agentliyinin (MEDİA) fəaliyyətə başlamasının iki ili tamam oldu.

İki il müddətində MEDİA bir çox yeniliklərə imza atdı, o cümlədən media subyektlərinə dəstək layihələri həyata keçirdi. Yeniliklərdən biri də onlayn media subyektlərinə maliyyə dəstəyi layihəsi oldu ki, bu da onlayn medianın inkişafında önəmli rol oynayır. Qeyd edək ki, dəstək layihəsi çap mediası üçün də davamlı olaraq icra olunur.

Bunlarla yanaşı, MEDİA saytlar, qəzetlər və jurnalistlər üçün reyestr sistemi yaratdı. MEDİA “E-köşk” və “Metrix” kimi yerli proqramları istifadə verdi ki, bütün bunlar media sahəsində önəmli yeniliklər oldu. MEDİA yeni layihələrində jurnalistlər üçün də ciddi işlər görür. Xüsusilə də jurnalistlər üçün təşkil olunan təlimlərin keçirilməsi media nümayəndələri tərəfindən yüksək qiymətləndirilir.

MEDİA-nın 2 illiyinə həsr oluna hesabat konfransında da bütün bunlar və digər yeniliklər, o cümlədən gələcəkdə nəzərdə tutulan layihələrlə bağlı geniş məlumat verildi.

MEDİA-nın fəaliyyəti ilə bağlı media kapitanları, ekspertlər, rəsmilər kifayət qədər fikir bildirib, söz deyib.

Bu dəfə Cebhe.info olaraq təlimlərə cəlb olunan jurnalistlərin fikirlərini aldıq.

Medianın İnkişafı Agentliyinin təşkil etdiyi təlimlər jurnalistlərə necə təsir bağışlayıb? Jurnalistlər bu təlimlərdən nələr öyrəniblər?

"Report" İnformasiya Agentliyinin əməkdaşı Aysel Aslanqızı deyib ki, MEDİA-nın yaranmasından 2 il ötməsinə baxmayaraq, qurum həqiqətən qısa müddət ərzində yeniliklər etməyi bacarıb:

“Düşünürəm ki, tənqid etməyi bacardığımız kimi, inkişaf varsa, onu da demək borcumuzdur. ümumiyyətlə, MEDİA-nın jurnalistlərə münasibətini bəyənirəm. Təbii ki, bunun da səbəbləri var. Birincisi, jurnalistlərin şəxsi inkişafına dəstək göstərməyə çalışmalarıdır. Bir sıra təlimlər, müsabiqələr vasitəsilə jurnalistlərdə həm stimul yaratmağa çalışır, eyni zamanda jurnalistin özünüinkişafına töhfə verirlər. MEDİA-nın jurnalistlər üçün bir çox təlimlərində iştirak etmişəm. Onlardan mənə ən maraqlı gələnlərdən biri “Azərsu" ASC ilə birgə "Qlobal su böhranı və problemin həlli yolları", digəri isə "İnklüziv təhsil" haqqında olan təlimlərdir. Hesab edirəm ki, dünyanı və ümumilikdə cəmiyyətimizi narahat edən, maraqlandıran mövzular barədə təlimlərin sayının çox olması bizim üçün də yaxşı olacaq. Bu kimi təlimlərin jurnalistlərin biliklərinin artırılmasında, eyni zamanda yaradıcılığına təkana zəmin yaradacağını düşünürəm”.

"Azvision.az" saytının jurnalisti Aytən Bağırova isə deyir ki, MEDİA-nın təlimləri jurnalistlər üçün faydalı oldu:

“Belə ki, uzun illər bu sahədə çalışan, lakin bəzi nüansları unudanlar üçün biliklərin təkrarlanması, jurnalistikaya yeni gələnlər üçün isə müvafiq sahələrdə işin incəliklərini daha dərindən öyrənməyə müsbət təsir göstərdi. Hesabat tədbirində də bu barədə fikir səsləndirildi. Təlimlərin və istiqamətlərin genişləndirilməsi və davamlı olması yaxşı olardı. ümumiyyətlə, jurnalistlər təlimlərlə daha da təkmilləşir, yeni biliklər qazanırlar”.

“Cümhuriyət” qəzetinin əməkdaşı Müşfiq Abdulla da MEDİA-nın təlimlərini çox yüksək qiymətləndirdiyini deyib:

“Mən də “Etika, müəllif hüquqları və jurnalistika” mövzusunda peşə etikası ilə bağlı beynəlxalq təcrübənin öyrənilməsi ilə bağlı təlimdə iştirak etdim. Jurnalist etikası, müəllif hüquqlarının müdafiəsi sahəsində qabaqcıl ölkələrin təcrübəsini müasir Azərbaycan mediasına tətbiqi böyük önəm daşıyır. Bu cür təlimlərin davamlı olmasının vacib olduğunu düşünürəm. Çünki bu müasir Azərbaycan mətbuatında peşəkar dəyərlərin formalaşmasına xidmət edir”.

"Yenisabah.az" saytının müxbiri Əsmətxanım Rzazadə isə hesab edir ki, MEDİA-nın təlimləri mənim üçün əsasən əlaqə qurmaq baxımından faydalı olur:

“Təlimlərə qatılan təlimçilər əsasən idarə rəhbərləri, sözçüləri olur və onlar bizə nömrə verir, bizim də nömrələri öz telefonlarına qeyd edirlər. Nə zaman da zəng etsək rahat şəkildə məlumat ala bilirik. Eyni zamanda xarici təlimçilərdən də beynəlxalq təcrübəni öyrənirik. Xaricdə olub bizdə olmayanlar və ya əksinə bütün məsələlərdən danışırlar, məlumatlandırırlar. Təlimlərdə keçirilən müzakirələr də çox faydalıdır. Məsələn, təlimdə 40 jurnalist iştirak edir və düz etdiyini düşündüyün məsələnin müzakirəsi zamanı başa düşürsən ki, bu günə qədər səhv bilmisən. Yəni, ümumi olaraq əlaqələrin genişlənməsi, məlumat almaq, maariflənmək, beynəlxalq təcrübəni öyrənmək baxımdan MEDİA-nın təlimlərini çox yüksək qiymətləndirirəm”.

"Bakıvaxti.az" saytının əməkdaşı Ramid İbrahimov da deyib ki, MEDİA-nın təşkil etdiyi təlimlər media savadlılığı və sahəvi jurnalistlərin peşəkarlığının artırılması baxımından üçün çox vacibdir:

“Bu təlimlərdən jurnalistlər bir çox yeniliklər öyrənir, beynəlxalq təcrübədən xəbərdar olur. Bunlarla yanaşı, təlim iştirakçıları arasında müzakirələrin olması və jurnalistlər arasında əlaqələrin qurulması onlara gələcək fəaliyyətində böyük üstünlüklər qazandıracaq. Təlimlərdə öyrəndiklərimizi gündəlik işimizdə tətbiq edəndə artıq müsbət nəticələrini görmüş oluruq. Odur ki, MEDİA-nın təlimlərini yüksək qiymətləndirirəm və bu fəaliyyətin davamlı olmasını vacib sayıram. İKT sahəsində təlimlərin keçirilməsini arzulayıram”.

Vilayət Muxtar
Cebhe.info