Qarabağa Böyük Qayıdış
İSTİQAMƏT: 6.3.7. işğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış
Azərbaycan 44 günlük Vətən müharibəsində qazandığı böyük qələbədən sonra işğaldan azad olunan ərazilərdə tikinti-bərpa işlərinə start verdi. İnfrastrukturların qurulması, yaşayış yerlərinin bərpası sürətlə həyata keçirilməyə başlanıldı. Qısa zaman ərzində artıq Böyük Qayıdış proqramının icrasına başlanıldı.
Qarabağa ilk köç 2022-ci ilin 19 iyul tarixində, müharibənin bitməsindən 19 ay sonra həyata keçirildi. Bundan əvvəl, yəni 2022-ci ilin 27 mayında isə Zəngilan rayonunun Ağalı kəndində "Ağıllı kənd” layihəsinin birinci mərhələsi üzrə açılış mərasimi oldu. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva mərasimdə iştirak etdilər.
Böyük Qayıdış prosesinin başlamasının anonsunu isə 2021-ci ildə Füzuli Beynəlxalq Hava Limanının təməlqoyma mərasimində iştirak edən Prezident İlham Əliyev vermişdi.
“Böyük Qayıdış başlayır, bütün işlərə start verildi. Əminəm, necə ki, düşməni qısa müddət ərzində torpaqlarımızdan qovduq, - cəmi 44 gün ərzində, - bizim tarixi dədə-baba torpağımız olan Qarabağı da qısa müddətdə bərpa edəcəyik”, - deyə Azərbaycan Prezidenti vurğulamışdı.
Ümumi olaraq Böyük Qayıdışın ilk mərhələsi Zəngilan rayonunun Ağalı kəndindən başladı. Daha sonra Laçın şəhərinə dönüş oldu ki, bu da işğaldan azad edilmiş ərazilərdə sürətli əlverişli iqtisadi və siyasi mühit formalaşdırılmasının bariz göstəricisi idi.
Ötən il isə Böyük Qayıdışla bağlı növbəti dövlət proqramı təsdiq olundu. Bu çərçivədə qəbul edilən proqram 2026-cı ilə kimi görüləcək tədbirləri əhatə edir. Ağdam, Füzuli, Şuşa, Xocavənd, Zəngilan, Kəlbəcər, Laçın, Qubadlı, Cəbrayıl, Tərtər və Xocalı rayonlarında müvafiq infrastruktur qurulur.
Füzuli və Zəngilan Beynəlxalq Hava limanlarının açılışı olub. Laçında isə Beynəlxalq Hava Limanının tikintisi davam edir. Avtomobil və dəmir yolu infrastrukturunun qurulması, Zəngəzur dəhlizinin yaradılması istiqamətində də ciddi iş aparılır.
Horadiz-Ağbənd dəmir yolunun tikintisi üzrə işlər 38 faiz, Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolu üzrə işlər isə 74 faiz yerinə yetirilib. Azad olunmuş torpaqlarda 11 su elektrik stansiyası inşa edilib. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının vahid enerji şəbəkəsinə qoşulması təmin olunub. Bu işlərin nəticəsində 2026-cı ilə kimi 34 min 500 ailənin doğma yurduna köçürülməsinə nail olunacaq.
Son məlumatlara görə isə işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış çərçivəsində indiyədək ümumilikdə 1360 ailə, 5354 nəfər köçürülüb. Məlumatı 2024-cü il yanvarın 30 tarixində Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi yayıb.
Doğma yurdlarına köçürülənlərin isə bölgüsü belədir: şəhər və kəndlər üzrə siyahıya uyğun olaraq Füzuli şəhərinə 527 ailə (1969 nəfər), Laçın şəhərinə 431 ailə (1627 nəfər), Ağalı kəndinə 175 ailə (871 nəfər), Talış kəndinə 20 ailə (90 nəfər), Zabux kəndinə isə 207 ailə (797 nəfər) köçürülüb. Bundan əlavə, bu ilin mayında Şuşaya da ilk köç həyata keçirildi. Belə ki, ilk mərhələdə Şuşa şəhərinə 58 ailə (224 nəfər) köçürülüb.
Bu gün də işğaldan azad edilmiş ərazilərdə tikinti-quruculuq işləri davam etdirilir. Yeni yolların çəkilməsi, infrastrukturun qurulması, yaşayış məntəqlərinin tikintisi və bərpası tam sürətlə aparılır. Yaxın gələcəkdə Qarabağa yaşayış tam şəkildə təmin olunacaq.
Böyük Qayıdış prosesi ilə bağlı son məlumat isə belədir: Azad edilmiş ərazilərə ilin sonuna kimi 20 min insanın qayıdışı planlaşdırılır. Qayıdışın coğrafi arealı 20 kənd və qəsəbə, 7 şəhər olmaqla, 27 yaşayış məntəqəsini əhatə edəcək.Bu ilin sonuna qədər Xocalıya, Cəbrayıla, Kəlbəcərə və Zəngilana da köçürülmə prosesinə start veriləcək. Ümumi olaraq bu ilin sonuna qədər məskunlaşma bütün işğaldan azad edilmiş rayonlarda başlamış olacaq.
QEYD: Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.
Vilayət Muxtar
“Cebheinfo.az”