Rəqabətsiz bazardan liberal iqtisadiyyata keçid: Mümkündür?

Rəqabətsiz bazardan liberal iqtisadiyyata keçid: Mümkündür?

6.3.12. azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi

Bazarlarda ucuzlaşma, inflyasiyasının artım sürətinin azalması, o cümlədən yerli istehsalın artması, iqtisadiyyatın neft asılılığının azalması, ticarət dövriyyəsinin artması və digər amillər birbaşa azad sahibkarlığa? liberal iqtisadiyyata keçiddən asılıdır.

Hələlik Azərbaycan liberal iqtisadiyyata tam keçid edə bilməyib. Bunun üçün gərəkli olan Rəqabət Məcəlləsi də uzun zamandır qəbul edilmir. Bu da liberal iqtisadiyyata keçidə maneə yaradan əsas amildir.

Qeyd edək ki, liberal iqtisadiyyat dünyada ən uğurlu iqtisadi sistem hesab olunur və ən inkişaf etmiş ölkələrdə artıq uzun illərdir tətbiq edilir. Bu sistemə keçidin ən başlıca yolu iqtisadiyyatda rəqabət mühitinin formalaşdırılmasıdır. Rəqabət mühiti formalaşmadıqca, bu sistemə keçid mümkünsüz hesab olunur.

Azərbaycanda isə Rəqabət Məcəlləsi hələ 2004-cü ildən gündəmdədir. Dəfələrlə müzakirə olunub, qanun layihəsinin vacibliyi, zəruriliyi vurğulanıb. Sonrakı illərdə dəfələrlə bu məsələ gündəmə gəlsə də, 19 ildir ki, Rəqabət Məcəlləsi qəbul olunmur.

Mütəxəssislər hesab edirl'r ki, Rəqabət Məcəlləsinin qəbul olunması ilk növbədə məmur monopoliyasına son qoyulması üçün vacibdir. Eyni zamanda, liberal iqtisadiyyata keçid üçün azad məhkəmələr, gömrük və vergi sistemində ciddi islahatlar vacibdir. Bu istiqamətdə ciddi addımlar atılsa da, hələlik real nəticələr yoxdur.

Dövlət isə lazımlı addımları atır. Maraqlı məqam ondan ibarətdir ki, dövlət bu keçidin reallaşması üçün lazımi addımları atsa da, nəticədə gözlənilən effekti almaq olmur. Prezident İlham Əliyev dəfələrlə sahibkarları incidən məmurlara sərt şəkildə xəbərdarlıq edib.

"Sahibkarlara yönəlmiş o çirkin əllər gərək kəsilsin. İnkişaf etmiş ölkələrdə ümumi daxili məhsulda əsas rolu kiçik və orta sahibkarlar oynayır, amma Azərbaycanda belə deyil”,-deyə Prezident İlham Əliyev xəbərdarlıqlarının birində deyib.

İlham Əliyev iqtisadiyyat naziri Mikayıl Cabbarovu qəbul edərkən çıxışında haqsız rəqabətə biznes maraqları olan dövlət məmurlarının təkan verdiyini bəyan edərək, bunun yolverilməz olduğunu bildirib:

"Onlar öz imkanlarından istifadə edərək rəqibləri sıradan çıxarırlar, bəzi hallarda şərləyirlər. Elə şərait yaradırlar ki, onlar məcbur olub ya bizneslərini satsınlar, ya da ki, çıxıb getsinlər. Buna da yol vermək olmaz".

Göründüyü kimi, dövlət də liberal iqtisadiyyata keçiddə, azad sahibkarlığın inkişafında maraqlıdır. Amma bəzi monopolist, biznes marağı olan məmurlar bu prosesə əngəl olmağa çalışır. Zaman-zaman bu məmurların həbsinin şahidi oluruq. İcra başçısı, nazirlərin korrupsiya və rüşvətə görə həbsinin də motivlərindən biri məhz yerlərdə sahibkarları incitmək, haqsız rəqabətə rəvac vermək dayanır.

İqtisadçı-ekspert Natiq Cəfərli hesab edir ki, liberal iqtisadiyyata keçid məhkəmələrdən başlamalıdır. Ekspert Cebhe.info-ya açıqlamasında bildirib ki, bütün inkişaf etmiş ölkələr də bu yolu keçib:

“Son 50-60 ildə ən çox liberal iqtisadiyyata keçidlə bağlı inkişaf etmiş ölkələrin nəticəsinə baxsaq, hamısı bu prosesə məhkəmələrdən başlayıb. Azərbaycanda inhisarçılıq səbəb deyil, nəticədir. Yəni indiki sistemin doğurduğu nəticədir. Bu nəticəni aradan qaldırmaq üçün də səbəbdən aradan qaldırılmalıdır. Səbəblər isə yeni qanunvericilik təşəbbüsləridir, o cümlədən Rəqabət Məcəlləsinin qəbulu, ədalətli, çevik məhkəmə qurulması, bank sisteminin beynəlxalq standartlara uyğunlaşdırılmasıdır”.

Liberal iqtisadiyyata keçid üçün lazımı qərarlar, sərəncamlar var. Sadəcə olaraq icra mexanizmində ciddi problemlərin olması nəticədə gözləniləni əldə etməyə imkan vermir. Bu məsələdə hələ atılacaq addımlar var. O addımların başında isə ekspertlərin də dediyi kimi, biznesdə məmur monopoliyasının olmaması və Rəqabət Məcəlləsinin qəbul edilməməsidir. Biznesdə rəqabət mühiti formalaşmadıqca, liberal iqtisadiyyata keçid mümkünsüz görünür. Ekspertlər hesab edir ki, ilk addım kimi Rəqabət Məcəlləsinin qəbul edilməli, ədalətli, çevik məhkəmə qurulmalı, bank sisteminin beynəlxalq standartlara uyğunlaşdırılmalıdır. Bunlar olarsa, liberal iqtisadiyyata keçid daha asan başa gələr.

QEYD: Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.

Vilayət Muxtar
Cebhe.info