Təhsilin inkişafı: Proqram dəyişsin, yoxsa yanaşma?
İSTİQAMƏT: 6.3.16. elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarının hazırlanması
Bir cəmiyyətin inkişafı üçün vacib olan amillərdən biri də təhsildir.
Təhsilli gənclik ölkənin inkişafında əsas rol oynayan kəsimdir. Azərbaycanda təhsilli əhalinin sayı kifayət qədər yüksəkdir. Bunun əsas səbəbi orta təhsilinin icbari olmasıdır. Ali təhsillə bağlı məsələ isə bir az fərqlidir. Əhalinin həxminən 17-20 faizi ailə təhsillidir ki, bu da hər 100 nəfərə 17-20 nəfər düşür.
Ali təhsil alanlarının sayının artırılması ilə bağlı hökumət müəyyən işlər görür. Elm və təhsil naziri Emin Əmrullayev bu ilin aprel ayında keçirilən “Heydər Əliyev İli” çərçivəsində Yeni Azərbaycan Partiyası və Bakı Dövlət Universitetinin birgə təşkilatçılığı ilə beynəlxalq elmi konfransda çıxışı zamanı bu məqama toxunaraq bildirmişdi ki, ali təhsillilərin sayının artırılması vacib amillərdən olub.
“Əgər həmin müddətdə ali məktəbdə oxuyan şəxslərin sayı 100 min idisə, hazırda bu rəqəm 220 mindir. Bu, ölkə əhalisinin 30 faizini təşkil edirsə, yaxın gələcəkdə bu göstərici 40 faizdən çox olacaq”, - deyə nazir əlavə edib.
2021-ci ilin statistik rəqəmlərində isə göstərilir ki, Azərbaycanda 1 milyon 77 min ali təhsilli şəxs olub. Müqayisə üçün əlavə edək ki, bu say 1989-cu ildə 495 min idi.
Rəqəmlər müsbət tendiyasının olduğunu göstərir. Bəs keyfiyyət necədir?
Azərbaycanda ən çox tənqid olunan məqamlardan biri də məhz təhsilin keyfiyyətidir. Bu gün ali təhsil alanların böyük hissəsi repititorlar hesabına universitetə qəbul olanlardır. Müəyyən istisna hallar olsa da, böyük çoxluq məhz repitorlar vasitəsilə qəbul imtahanlarında uğur qazanırlar. Bu isə orta məktəblərdə təhsilin keyfiyyətini sual altına qoyur.
Bu məqam dəfələrlə ictimai şəxslər tərəfindən səsləndirilib. Çıxış yolu olaraq isə bir sıra təkliflər verilir. Ən çox səslənən təkliflərin başında isə müəllimin nüfuzunun artırılması dayanır. Bununla yanaşı, neqativ hallara yol aça biləcək valideyin-müəllim təmaslarının aradan qaldırılması da əsas təkliflərdən biri kimi səslənir. Bu təkliflərin uğurlu nəticələr verməsi üçün əsas iki addıma ehtiyac var. Mütəxəssislər hesab edir ki, ölkədə normal təhsilin olması üçün ilk növbədə təhsil proqramları yenilənməlidir və ağır dərs yükü azaldılmalıdır.
Mövzu ilə bağlı Cebhe.info-ya danışan təhsil eksperti Elmin Nuri deyib ki, təhsil proqramları çox geniş anlayışdır:
“Belə ki, bu, həm də bir növ beynəlxalq təhsil standartları kimi anlaşılmalıdır. Dünyada PİSA, KİMS, TİMS kimi beynəlxalq təhsil proqramları var ki, bir çox ölkələr məhz o istiqamətdə təhsil proqramlarını qururlar. Xüsusilə də Azərbaycanın və bir sıra ölkələrin özünəməxsus təhsil proqramları yoxdur. Bu anlamda təhsil proqramları iki istiqamət qəbul edilməlidir: iri miqyaslı təhsil proqramları və müxtəlif tədris proqramları”.
Ekspert əlavə edib ki, bu gün dünya üzrə tətbiq olunan təhsil proqramları əsasən yeni kurikulum dəstəkləyir:
“Təhsil proqramları bəzən bu devizlə də əvəzlənir. Burada əsas tələb yenilikçi olmaq, çağdaş tələblərlə ayaqlaşmaq, yaddaşdan analizə, analizdən tədqiqata, sualverən şagird yetişdirmədir. Artıq uzun müddətdir ki, biz yeni kurikulum sistemindən istifadə etməyə çalışırıq. Bu nə dərəcədə səmərəlidir, buna nə qədər uyğunlaşmışıq, bu sistem bizə nərədəcə doğmadır, bunlar da müzakirə mövzusudur. Kurikulum təhsilə sözün həqiqi mənasında həm də əyləncə gətirməli idi.
Yeni təhsil proqramı bunu ehtiva etməli idi. Əyləncə deyəndə çalıb-oynamağı nəzərdə tutmuruq. Burada dərslərin maraqlı formada tədrisi nəzərdə tutulur. Biz buna hazır idik? Belə görünür ki, hazır deyildik. Çünki əgər hazır olsaydıq, kurikulumun tətbiqindən sonra çətinliklərlə üzləşməzdik. Biz hələ də kurikulum sistemi ilə uyğunlaşa bilmirik. Təhsil proqramının dəyişməsinə ehtiyac yoxdur, indiki təhsil proqramını mənimsəməyə ehtiyac var”.
QEYD: Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.
Vilayət Muxtar
Cebhe.info