Azərbaycanda kolleclərə qəfil maraq: Nədən yaranıb?

Azərbaycanda kolleclərə qəfil maraq: Nədən yaranıb?

"Ali və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə sənəd verənlərin sayında artım olub".

Bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə ali təhsil müəssisələrinə sənəd qəbulunun başa çatması və buraxılış imtahanlarına həsr olunmuş mətbuat konfransında deyib. O bildirib ki, bu il 107188 abituriyent ali və ya orta ixtisas təhsili müəssisəsinə qəbul olmaq üçün öz ərizəsini təsdiq edib: "Ötən il bu rəqəm 99538 nəfər idi. 83717 abituriyent ərizəsində həm ali, həm də tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq istədiklərini qeyd edib".

Martın 5-də və 12-də keçirilən buraxılış imtahanları haqqında məlumat verən Məleykə Abbaszadə bu il məzunların sayının daha çox olmasını diqqətə çatdırıb: "11-ci sinfi bitirən imtahan iştirakçılarının sayı bu il 98616 nəfər olub. 2790 nəfər isə peşə liseylərini bitirir. Ötən il müvafiq rəqəm 91067 və 2614 nəfər olub".

Xatırladaq ki, bugünlərdə DİM sədri “Qəbul qaydası yox, subbakalavrların bilik səviyyəsi və tədrisə münasibəti ali məktəbləri razı salmır. Bəzi ali məktəblər ümumiyyətlə, subbakalavrların qəbulundan imtina etmək istəyirlər, çünki onlar yaxşı oxumurlar, tədris mühitini pozurlar” fikrini bildirmişdi. Hazırda isə orta ixtisas təhsili müəssisələrinə sənəd verənlərin sayında artım olduğu bildirilirsə, bu gənclərin həmin təhsil pilləsinə olan maraqdan irəli gəlir, yoxsa ali məktəbə imtahansız daxil olmaq üçün trampilin kimi istifadə məqsədi daşıyır?

Təhsil üzrə ekspert Nadir İsrafilov Cebhe.info-ya mövzu ilə bağlı açıqlamasında bildirdi ki, orta ixtisas təhsili müəssisələrinə sənəd verənlərin sayında artım hər iki səbəblə, yəni o ixtisaslara maraq, həmçinin trambilin kimi istifadə amilindən irəli gəlir:

"Bugünlərdə "Ali həhsil haqqında" Qanunun müzakirəsi zamanı da orta ixtisas təhsili müəssisələrinə münasibət məsələsi dilə gətirildi. Orta ixtisas təhsili bir vaxtlar ən dəbdə olan təhsil pillələrindən biri idi. Sonralar Boloniya sisteminə keçməyimiz, təhsilin hamı üçün əlçatan olması siyasəti ilə bağlı ali məktəblərdə keçid ballarının aşağı, 150-100 balla qəbulun olması, ən başlıcası isə təhsilin ikipilləli, bakalvr-magistr pilləsinə keçidlə bağlı kolleclər nüfuzdan düşmüş oldu. Bakalavr, magistr olduqdan sonra kimlərsə sovetdən qalmış ənənə kimi fikirlərlə artıq orta ixtisasa ehtiyac olmadığını dedi, hətta ləğv olunması iddiasında olanlar da oldu.

Ancaq orta ixtisas təhsili "Təhsil haqqında" Qanunun əsas pillələrindən biri sayılır. Ona görə də dövlət tərəfindən kolleclərin hörmətini, nüfuzunu qaldırmaq üçün müəyyən tədbirlər həyata keçirilir. Varisliyi, ardıcıllığı gözləmək məqsədilə bir sıra kolleclər optimallaşdırma, rasionallaşdırma prinsipi əsasında ali təhsil məktəblərinin nəzdinə verildi. Digər tərəfdən, bakalavr pilləsinə imtahansız qəbul nəzərdə tutuldu. Yəni görülən bir sıra stimullaşıdırıcı tədbirlər kolleclərin inkişaf etməsi, o cümlədən də qəbul sayında artım gözləniləndir. Bizdə ali təhsil iki pilləyə bölündükdən sonra kolleclərə "aşağı gözlə"baxırlar. Bu da onunla bağlıdır ki, "Təhsil haqqında" Qanuna əsasən, bakalavr peşə ixtisası verən pillədir. Ancaq magistratura təhsilin ikinci pilləsi, elmi fəaliyyəti hazırlayır, bir növ aspiranturanı əvəz edir. Bizdə çox təəssüf ki, qanunun tələbləri lazımi səviyyədə yerinə yetirilmir. Bir çox işəgötürənlər, xüsusilə də özəl müəssisələr hətta bakalavra ikinci dərəcəli pillə kimi baxırlar, nəinki kolleclərə. İşəgötürən ilk növbədə baxır ki, görüm magistratura təhsili varmı?

Magistratura elmi fəaliyyətdir, hansısa tikinti, iaşə şirkəti olsun, bu yanaşma şübhəsiz ki, kolleclərə münasibəti dəyişir. Ancaq bu gün dünyanın Amerika, İngiltərə, Yaponiya kimi bir sıra ölkələrində elə kolleclər var ki, onların reytinqi bir çox ali məktəblərdən ytüksəkdir. Bizdə də belə tendensiya olub. Bir vaxtlar M.Ə. Sabir adına Pedoqoji Texnikum vardı, hazırda ADPU-nun nəzdində Pedoqoji Kollec adlanır, həmin Şamaxı Texnikumunun nüfuzu bizim bir çox ali məktəblərin nüfuzundan yüksək idi. Bu gün də həmin texnikumun yetirmələri arasında nüfuzlu müəllimlər var”.

Ekspertin fikrincə, nə qədər ki, "Təhsil haqqında" Qanunda təhsil pilləsi kimi məktəbəqədər, orta, ümumorta, orta ixtisas, ali, akademik doktorantira təhsili pilləsi var, kolleclər də qalacaq və qalmalıdır:

“Təhsilin səviyyəsi təhsilin pilləsi ilə deyil, keyfiyyəti ilə ölçülür. Bir halda ki, kollec, yaxud bakalavr, magistratura qurtarmasından asılı olmayaraq işə qəbul test imtahanı, müsahibə, müsabiqə ilə keçirilir, məsələyə bu istiqamətdən baxmaq lazımdır. İstər işəgötürən , istər yanaşma təhsilin hansı pilləsini bitirdiyinə deyil, kadrın biliyinə diqqət yetirməlidir".

Ekspertin sözlərinə görə, əvvəlki dövr deyil, o cümlədən təhsilə baxış da dəyişib:

"Bu saat təhsildə fasiləsizlik, varislik prinsipi həyata keçirilir. Bolonya prosesində də ömürlük təhsil var, bir vaxtlar təhsil üçün müəyyən yaş hüdudları müəyyənləşirdi. İstər vətəndaş 60- 70 yaşında olsun, gedib imtahan verib istədiyi təhsil müəssisəsinə qəbul ola bilər. Məsələn, Türkiyədə 92 yaşında tələbə olan şəxs var. Yəni hazırda dövr belədir. Təhslin əlçatanlığı, neft kapitalının insan kapitalına çevrilməsi var, təhsillərin sayına görə dünya ölkələri ilə rəqabət aparırıq, bu mənada hansı məqsədlə kollecə qəbul olubsa, bu rol oynamır. Hər halda təhsildən kənar qalmır. Sovet dövründə texniki peşə məktəbini bitirənlər Sov.İKP MK-nın siyasi bürosunun üzvləri, I katiblər olublar.

Bu, o deməkdir ki, təhsillə əhatə olunublar. Bizi maraqlandıran əsas prinsip kimin hansı məqsədlə daxil olması olmamalıdır, əsas odur ki, "küçə uşağına" çevrilməyib, təhsildədir. Bu gün narkomaniya, xoşagəlməz zərərli vərdişlər var. Tələbə də imkanlarını nəzərdən keçirir. Bəlkə də düşünür ki, hələ ali məktəbə hazır deyil, ilk olaraq bu mərhələni keçsin. Burada müxtəlif məqsədlər, yanaşmalar ola bilər. Əsas odur ki, gənclərimizin, yeniyetmələrimizin təhsillə əhatəliliyi həyata keçsin, hansı məqsədlə olması ikinci dərəcəlidir".

Nigar Abdullayeva
Cebhe.info