Bu qəsəbənin əhalisi təxliyə olunur: Məktəb işləmir, yol bağlanıb - RƏSMİ

Bu qəsəbənin əhalisi təxliyə olunur: Məktəb işləmir, yol bağlanıb - RƏSMİ

Astarada sel fəsadlar yaradıb.

Belə ki, ötən gecədən başlayan leysan xarakterli yağış nəticəsində Astaranın bir neçə qəsəbə və kəndinə ziyan dəyib.

Astara rayonunun Ərçivan qəsəbəsini su basıb, yaşayış evləri, həyətyanı sahələr sular altında qalıb.

Astaradakı mövcud vəziyyətlə bağlı Cebhe.info-ya danışan Astara Rayon İcra Hakimiyyəti başçısının Ərçivan qəsəbə İƏD üzrə nümayəndəsi Rüfət Əsədullayev qəsəbənin bəzi ərazilərində sakinlərin təxliyə olunduğunu deyib:

“Yaşayış evlərini su basıb, ona görə Fövqəladə Hallar Nazirliyinin nümayəndələri vətəndaşları təxliyə edir. Təxliyə olunanlar hələlik qohumlarının evinə aparılıb. Su da hissə-hissə çəkilir. Neçə nəfərin təxliyə olunduğu hələ dəqiq deyil, amma onların sayı çox deyil”.

Qəsəbədə 1200-dən çox sakinin yaşadığını deyən icra nümayəndəsi bəzi məktəblərə gedişin mümkün olmadığını qeyd edib:

“Fərdi təssərrüfata ziyan dəyib, xırda əkinçilik, bostançılıq, ev heyvanları zərər görüb. Qəsəbədə dörd məktəbdən yalnız bir məktəbə gedən yolu su basıb, yəni bəzi məktəblərdə dərslər keçirilib, bəzislərində isə tədris təxirə salınıb. Məktəblərin müəyyən bir qismi işlədi, müəllimlər hamısı məktəblərdə idi. Elə yollar var idi ki, gediləsi deyildi. Hazırda isə yollardan su çəkilib”.

Günay Şahmar
Cebhe.info