Diplomu gec alan məzunlar əsgərliyə necə gedirlər? - RƏSMİ

Diplomu gec alan məzunlar əsgərliyə necə gedirlər? - RƏSMİ

Universitet təhsilini başa vuran məzunların diplom alması xeyli zaman tələb edir. 

Həmin ərəfədə isə məzunlar hərbi xidmətə çağırılırlar. Həmin dövrdə məzunlar diplomu ala bilmədikləri üçün onların neçə müddət hərbi xidmət çəkəcəkləri maraq doğurur. Yəni diplomu hələ almayan məzunlar hərbi hissəyə ali təhsilli olmalarını hansı sənəd əsasında sübut edə bilərlər? 

Digər bir məsələ isə odur ki, Türkiyə və digər xarici ölkələrin universitetlərindən məzun olan azərbaycanlı tələbələr də diplomlarını gec alırlar. Onlar ölkəyə “məzuniyyət bəlgəsi” ilə qayıdırlar. Üstəlik, diplom hazır olanda gedib onu təsdiqlənmək üçün Təhsildə Keyfiyyət Təminatı Agentliyinə təqdim etməlidirlər ki, bu proses də xeyli müddət apara bilər.

Yəni xaricdə təhsil almasına baxmayaraq, diplomlarını hələ almayanların hərbi xidmət müddəti necə müəyyən olunur? 

Məsələ ilə bağlı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İctimaiyyətlə iş və Beynəlxalq Əlaqələr şöbəsinin rəisi Pərviz Sədrəddinov “Cebheinfo.az”-ın sorğusuna cavab olaraq bidlirib ki, iniversitetdən məzun olan tələbələr hərbi hissəyə göndəriləndən sonra onların hərbi biletində ali təhsilli olmaları haqqında qeyd yazılır: 

“Yəni hərbi hissə artıq bilir ki, o, ali təhsillidir. Diplomun gec verilməsi problem deyil. Belə ki, diplom veriləndə valideyn gedib diplomu götürür, notariusda onun surətini təsdiqlədir, əslini özündə saxlayır, həmin surəti isə hərbi hissəyə göndərir. 

Yaxud da əsgər özü 6 aydan sonra məzuniyyətə gələndə həmin prosesi edir və diplomun surətini hərbi hissəyə təhvil verir. Yəni hərbi hissədə onun ali təhsilli olduğunu artıq bilirlər. Sadəcə diplomun təsdiqlənmiş surətini vermək lazımdır ki, o sənəd şəxsin işinə tikilsin”. 

Xaricdə təhsil alanlara gəldikdə isə o bildirib ki, burada da proses eyni formadadır:

“Yəni ali təhsil haqqında sənədin surəti notariusda təsdiqlənir və hərbi hissəyə təhvil verilir. Hərbi biletə də ali təhsilli yazılır. Bir ilin tamamına qədər diplom hərbi hissəyə təqdim edilməlidir. Təqdim edilmədiyi təqdirdə şəxsin ali təhsilli olması barədə sənəd olmadığı üçün 6 ay daha artıq xidmət etmiş olacaq.

Digər tərəfdən, xarici ölkədə təhsil alan şəxs təhsil barədə hər il Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin qeydiyyatda olduğu yerli bölməsinə sənəd təqdim edir, yəni onun artıq ali təhsilli olması barədə müvafiq məlumat olur. Hərbi xidmətə çağırıldıqda isə diplomunu tərcümə və təsdiq etdirib hərbi hissəyə təqdim etmək lazımdır”. 

Nigar Abdullayeva

“Cebheinfo.az”