Dövlət kimi qoruyur? - “Məişət zorakılığına məruz qalan kişilərin sayı artıb”

Dövlət kimi qoruyur? - “Məişət zorakılığına məruz qalan kişilərin sayı artıb”

Bəzi ailələrdə əsasən qadın və uşaqlar məişət zorakılığının qurbanına çevirilir. Boşanmaların sayının artma səbəblərindən biri də məhz budur.

Əvvəl boşanmaq "bitmiş bir həyat" olaraq qiymətləndirilsə də, bu gün qadınlarımızın əksəriyyəti öz ayaqları üzərində dayana, müstəqil qərar verə və şiddət gördüyü ortamdan uzaqlaşa bilirlər. Təəssüf ki, uzaqlaşa bilməyən qadınlarımızın taleyi acı sonluqla bitə bilir. 

Ötən ilin statistikasına nəzər yetirsək, bunu görərik. Rəsmi rəqəmlərə əsasən, 2023-cü ildə qeydə alınmış məişət zorakılığı ilə bağlı cinayətlər nəticəsində 1 513 nəfər zərər çəkib. Bu artım 2022-ci illə müqayisədə 2,6 faiz təşkil edib. Məişət zorakılığı ilə bağlı cinayətlər nəticəsində zərərçəkənlərin 80,9 faizi qadınlar, 0,7 faizi isə yetkinlik yaşına çatmayanlar olub. 

Əvvəlki illə müqayisədə bu cinayətlər nəticəsində ölənlərin sayı 8,8 faiz artaraq 74 nəfər (onlardan 49-u qadınlar) olub. Yəni, rəqəmlərdən də göründüyü kimi, 80 faiz qadın bu zorakılıqla üzləşməli olur. Məişət zorakılığının qarşısının alınması məqsədi ilə zorakılığa məruz qalmış şəxsin müraciəti əsasında onu mümkün təhlükələrdən qorumaq üçün mühafizə orderi verilir. 

Qanunvericiliyə əsasən, Azərbaycanda zərərçəkmiş şəxsə iki cür – qısamüddətli və uzunmüddətli mühafizə orderi verilə bilər. Bu order əsasında zorakılıq etmiş şəxsə zərər verdiyi şəxsi izləmək və ya narahatlıq gətirən digər hərəkətlərə yol vermək qadağandır. Əgər bu qadağalara riayət edilməzsə, o zaman şikayətçi uzunmüddətli mühafizə orderi ala bilər. 

Hüquqşünas Əsabəli Mustafayev "Cebheinfo.az"-a açıqlamasında bildirib ki, təcrübədə məişət zorakılığından şikayət edənlər daha çox qadınlar və uşaqlar olur:

"Ancaq maraqlı fakt odur ki, son zamanlar kişilərin məişət zorakılığına məruz qalma halları da çoxalıb. Amma qanunvericilikdə ayrı-seçkilik yoxdur. Həm kişilər, həm qadınlar üçün mühafizə orderi verilə bilər.

Qanunvericilikdə son dəyişiklikdən sonra qısamüddətli mühafizə orderi 2 aylıq verilir və onu yerli icra hakimiyyəti orqanları verir. Uzunmüddətli mühafizə orderi 3 aydan 6 aya qədər və məhkəmələr tərəfindən verilir". 

O qeyd edib ki, adətən qısamüddətli mühafizə orderi verilir:

"Təcrübədə görünür ki, məhkəmələr elə 3 aylıq order verirlər, təkrar verilmə faktları çox azdır. Məhkəmələr təkrar müraciəti təmin etməyi sevmir. Məhkəmə tərəflər arasında işə baxıb, qanuna istinad edir.

Qanunvericilikdə də belə bir məsələ var ki, eyni tərəflər arasında eyni predment üzrə işə təkrar baxıla bilməz. Yəni qanunvericilik hələ təkmilləşdirilməlidir. Mühafizə orderinin həm müddəti, həm verilmə prosedurlarına yeniliklər edilməlidir". 

Naibə 
"Cebheinfo.az"