Əmiqızı, xalaqızı, dayıqızını boşayacaqlar?

Əmiqızı, xalaqızı, dayıqızını boşayacaqlar?

Xəbər verdiyimiz kimi, Azərbaycanda yaxın qohum evlilikləri qanunla qadağan edilə bilər.

Belə ki, artıq əmi, xala, bibi və dayı uşaqlarının evliliyini qadağan edən layihə I oxunuşda təsdiqlənib. Bununla bağlı Ailə Məcəlləsinə dəyişiklik layihəsi parlamentdə I oxunuşda müzakirəyə çıxarılıb. Dəyişikliklə nikahın bağlanmasına mane olan halların sayı artırılıb. Məcəlləyə - qardaşların və (və ya) bacıların ümumi bioloji baba və (və ya) nənəsi olan uşaqları, bioloji qohumluğu olan əmi (dayı) və qardaş (bacı) qızı, həmçinin bibi (xala) və qardaş (bacı) oğlu halları əlavə edilib. 

Müzakirələrdən sonra dəyişiklik layihəsi səsverməyə çıxarılaraq I oxunuşda qəbul edilib. Bəziləri bunu insan haqlarının pozulması kimi dəyərləndirir. Hər bir kəsin istədiyi şəxslə ailə qurmaq haqqının olduğu önə sürülür. Digər qrup isə buna sağlam olmayan uşaqların dünyaya gəlməsinin qarşısını almaq üçün vasitə kimi baxır.

Hüquqşünas Əsabəli Mustafeyv də "Cebhe.info"-ya açıqlamasında bildirib ki, bu dəyişikliyin elmi əsası yoxdur:

"Bütün çağlarda qohum evlilikləri olub və bunun hansısa mənfi səbəb yaratması haqqında elmi əsas yoxdur. Təşəbbüs kimi irəli sürüblər, amma elmi əsası olmayan təşəbbüsün qəbulu insan haqlarına ziddir. Onsuz da nikahdan qabaq tibbi müayinədən keçmək zəruridir. Əgər tibbi müayinədən keçərkən fəsad yaradacaq səbəblər olarsa, evlilik məsləhət görülmür. Bu, təkcə qohum yox, yad evliliklərdə də mümkündür. Yəni sırf bunu əsas gətirərək belə qadağa qoymaq hüquqaziddir". 

Onun sözlərinə görə, bu məntiqlə gərək bundan əvvəl bağlanan nikahlara da xitam verilsin:

"Bu, insan haqlarının pozulmasıdır. Araşdırma aparılsın, xüsusi proqram ayrılsın, öyrənilsin, başqa səbəblər açıqlansın. Burada minlərlə insanın taleyindən söhbət gedir. Bu qanun qəbul olunduqdan sonra bundan əvvəl bağlanan nikahlara xitam veriləcək? Xitam verilmirsə, bu özü də düzgün deyil ". 

Naibə 
"Cebhe.info"