Ermənistanda saxlanılan əsgərin anası: “Digər əsgərin valideynləri ilə getdik, görüşdük...”

Ermənistanda saxlanılan əsgərin anası: “Digər əsgərin valideynləri ilə getdik, görüşdük...”

Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) nümayəndələri bu yaxınlarda Azərbaycan Ordusu tərəfindən saxlanılan iki Ermənistan vətəndaşına baş çəkiblər.

BQXK-nın Bakı nümayəndəliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova mətbuata açıqlamasında görüşün iyunun 7-də baş tutduğunu bildirib.

Qeyd olunub ki, saxlanılan şəxslərlə təkbətək görüş keçirilib və ailələri ilə Qızıl Xaç Məktubu vasitəsilə əlaqə yaratmaq imkanı verilib. Xatırladaq ki, Azərbaycan ordusunun əsgərləri - 2004-cü il təvəllüdlü Aqşin Bəbirov və Hüseyn Əhmədov aprelin 9-da Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ermənistanla sərhəd ərazisində əlverişsiz hava şəraitində məhdud görmə səbəbindən itkin düşüblər.

Ermənistan Müdafiə Nazirliyi aprelin 13-də Azərbaycan əsgərlərinin Ermənistanda saxlandığını etiraf edib. Beynəlxalq Qızıl Xaç Komitəsi sonuncu dəfə əsirlikdə olan Hüseyn Axundov və Aqşin Bəbirovla aprel ayının 19-da görüşüblər.

Hüseyn Axundovun anası Şəlalə Axundova Cebhe.info-ya açıqlamasında bildirib ki, iki aya yaxındır övladından başqa xəbər ala bilməyib:

“İyun ayının 19-u iki ay olacaq ki, yeni xəbər yoxdur. Ən son xəbər aprel ayının 19-u olub, yəni həmin vaxt Beynəlxalq Qızıl Xaç Cəmiyyəti bizə uşaqların məktublarını da gətirmişdilər. O vaxtdan indiyədək zəng edirik və gedirik. Deyirlər ki, hələ bizim ordakı həmkarlarımızdan uşaqlar haqqında bir məlumat yoxdur.

Bizdə də bir sual yaranır, bəlkə elə bizim uşaqları öldürüblər, heç bilmirsiniz? Aprelin 19-u onlar bizə məktub gətirəndə biz də əvəzində cavabını yazmışıq. Amma biz hələ məktubun onlara çatıb- çatmadığını, onların cavab yazıb- yazmadığını bilmirik. Çünki həmin gündən bu günə qədər bizə eyni cavab verilir”.

Əsgərin anası sonuncu dəfə 3 gün öncə müraciət etdiklərini qeyd edib:

“Bu həftənin birinci günü müraciət etmişik. Digər əsir düşən əsgərin valideynləri ilə bir yerdə getmişdik. Oturduq, görüşdük, danışdıq. Yenə də eyni cavab verildi ki, biz əlimizdən gələni edirik, yalnız Ermənistan tərəfindəki həmkarlarımızdan bizə uşaqlar haqqında bir məlumat verilmir.

Biz onlara sual veririk ki, siz uşaqlarımızı görmüsünüzmü, deyirlər ki, yox. Ermənistandakı həmkarları görüb, apreldən bu tərəfə isə belə bir məlumat vermirlər. Deyirlər ki, uşaqlar həbsdə saxlanılırlar, bütün dünya onlar üçün ayağa qalxıb”.

Lakin ana ümidli olduğunu bildirib. Şəlalə Axundova Beynəlxalq Qızıl Xaç Komitəsinin hər ay məlumat çatdırmalı olduğunu, amma iki aya yaxındır heç bir məlumat verilmədiyini vurğulayıb:

“Mən cənab Prezidentimizin Laçındakı çıxışını dinləmişəm, bir az ürəyim sakitləşib. Dövlət Təhlükəsizliyi Xidməti sağ olsun, bizə təsəlli verdilər ki, narahat olmayın, onlara iş də verilsə, Prezidentimiz nəinki bir əsgərimizi, heç nəyimizi Ermənistanda qoymayacaq, gətirəcək. Ceyhun Bayramovun da çıxışlarına baxırıq, bu çıxışlarla sakitləşirik. Bizə əsas məlumatı Qızıl Xaç Komitəsi verməlisdir.

Uşaqların sağlamlığı, onlar haqqında məlumat vermək onların işidir. Sadəcə, bir sözləri var ki, bir xəbər olan kimi özümüz məlumat verəcəyik. Ayda bir dəfə bizə Qızıl Xaç Komitəsi məktub vasitəsilə övladlarımız haqqında xəbər verilməli idi. Amma artıq iki ay olacaq ki, məktub və xəbər gözləyirik”.

Qeyd edək ki, Ermənistan məhkəməsi Aqşin Bəbirovu 11,5 il müddətinə azadlıqdan məhrum edib. A.Bəbirov “sərhədi qanunsuz keçmək, silah və sursat daşımaqda” ittiham olunub. Məlumata görə, Ermənistanda əsir saxlanılan digər azərbaycanlı əsgər Hüseyn Axundovun “cinayət işi üzrə istintaq” davam edir.

Günay Şahmar
Cebhe.info