İlahiyyatçı: “Uşaqları məscidə aparmayın, ruhu zədələnər”

Azərbaycanda Qurban bayramıdır. Şəriətə uyğun olaraq, qurban kəsimi iyunun 16-dan başlayaraq üç gün davam edir.
Məscidlərdə bayram namazları qılınır. Xüsusən bayramlarda, cümə namazlarında kiçikyaşlı uşaqların namaz səfində dayandığını görürük. Əslində namaz neçə yaşdan qılınmalıdır? İlahiyyatçı Tural İrfan "Cebhe.info"-ya açıqlamasında bildirib ki, həddi - buluğa çatan müsəlman artıq ibadətləri icra etməyə borclu hesab edilir:
"İslam dininə görə, ibadətlər və dini məsuliyyətlərə mükəlləfiyyət oğlan uşaqlarında 14, qız uşaqlarında 9 yaşdan başlayır. Yəni həddi - buluğa çatan müsəlman artıq ibadətləri icra etməyə borclu hesab edilir. Ümumiyyətlə, uşaqların ibadət etməsi, Allaha inamlı olması müsbət haldır. Ancaq indiki halda, ölkəmizdəki bəzi məsciddə bir məzhəbə, fərqli təriqətə itaət olunur. Buna görə də uşaqların getməsi məqsədəuyğun deyil. Evdə dua etsələr, daha yaxşıdır". Onun sözlərinə görə, bir çox məscidlərə məzhəbçilik üzərində təbliğat gedir:
"Uşaq gedib orada axundun ayrı-seçkilik salan xütbəsinə, yaxud siyasi moizəsinə qulaq assa, indidən ruhu zədələnər. Uşaqların fərqli məscidlərdə fərqli məzhəb yönündən öyrəndikləri onları orta məktəbdə, böyüyəndə cəmiyyətdə qarşı- qarşıya qoya bilər. Dinimizdə uşaqların məscidə getməsi sərbəstdir. Lakin məcbur da etmək olmaz".
Naibə
"Cebhe.info"