Magistraturaya qəbul olunanlara xəbərdarlıq

Bu il ali məktəblərin magistratura pilləsinə keçirilən müsabiqənin nəticələrinə əsasən, ixtisaslaşma seçimində iştirak edən 15 660 bakalavrdan 13 484 nəfəri qəbul olunub. Qəbul olunanlardan 5 996 nəfər dövlət sifarişi, 7488 nəfər isə ödənişli əsaslarla təhsil alacaq. 9 694 nəfər ali təhsil müəssisələrinin cari, 3 790 nəfər isə əvvəlki illərin məzunudur.
Nəticələrə əsasən, ali təhsil müəssisələrinin magistratura səviyyəsinə ayrılmış 15 922 plan yerinin 84.69 %-i dolub.
Dövlət İmtahan Mərkəzindən bildirilib ki, iyulun 9-dan magistraturaya qəbul olunmuş şəxslər sənədlərini ali məktəblərə təqdim etməyə başlayıblar.
“Həmin bakalavrlar 9-18 iyul tarixlərində //portal.edu.az/ platformasında qeydiyyatdan keçərək yaradılmış kabinetə daxil olduqdan sonra təqdim edilən xidmətlərdən “Ali və orta ixtisas təhsili müəssisələrinə təhsilalanların qeydiyyatı”nı seçməlidirlər. Qeydiyyatdan keçməyən bakalavrlar qəbul olunanların siyahısından xaric ediləcəklər”, - DİM-dən bildirilib.
Qeyd edilib ki, boş qalan plan yerlərinə əlavə yerləşdirmənin vaxtı DİM tərəfindən elan olunacaq.
"Cebhe.info"