Müəllimlər haqsızlıqdan şikayətlənirlər - FOTO

Müəllimlər haqsızlıqdan şikayətlənirlər - FOTO

21, 22, 24 iyun tarixində müəllimlərin sertifikatlaşdırma prosesinin test imtahanı mərhələsi təşkil olunub.

Test imtahanlarında 23 448 müəllim iştirak edib. İmtahanlarda 97,5% davamiyyət qeydə alınıb. Proses ölkənin 18 müxtəlif şəhər və rayonu üzrə ümumilikdə 27 imtahan mərkəzini əhatə edib. Ötənilki imtahanda olduğu kimi, bu il də müəllimlərin şikayətləri çoxdur. 

Belə ki, bəzi müəllimlər 1-ci növbədə testə salınan suallarla 2-ci növbədə salınan sualların eyni olmasından narazılıq edirlər. Onların fikrincə, sualların eyni olması 1-ci növbədə imtahan verən müəllimlərə haqsızlıqdır. Müəllimlər bildirirlər ki, kurikulum sualları eyni olub, ixtisas suallarında isə yalnız müəyyən rəqəmlərdə dəyişiklik edilib. 

Beləliklə, 2-ci növbədə imtahana daxil olan müəllimlərin artıq suallardan və onların cavabından öncədən xəbəri olub. Çünki suallar imtahandan dərhal sonra qruplarda paylaşılıb. Öncədən bilmək faktoru isə ikinci növbədə olan müəllimlərin topladığı balda özünü göstərib. 

Müəllimlərin bunun çox sayda şikayətləri olsa da, nazirlik tərəfindən bu məlumat təkzib edilir. Qeyd edək ki, sertifikatlaşdırma prosesinin müsahibə mərhələsi avqust ayında təşkil olunacaq və bu barədə ətraflı məlumat müəllimlərin şəxsi kabinetlərinə göndəriləcək. 

“Cebhe.info” məsələ ilə bağlı Elm və Təhsil Nazirliyinə sorğu göndərsə də, sorğuya cavab verilməyib.

Naibə 
"Cebhe.info"