Müəllimlərin imtahandan sonrakı “kabusu”
9 sentyabr tarixindən etibarən sertifikatlaşdırma prosesinin müsahibələri təşkil olunacaq.
Sertifikatlaşdırma prosesinin müsahibə mərhələsi ilə bağlı məlumatlar müəllimlərin şəxsi kabinetlərinə hissə-hissə göndərilir. Xatırladaq ki, test imtahanlarında keçid balı toplayan şəxslərin əməkhaqqına 10 %, 51 bal və daha yüksək nəticə əldə etmiş şəxslərin əməkhaqqına 35 % əlavə veriləcək. Əlavələr müsahibə mərhələsində uğur qazanan müəllimlərin əməkhaqqına tətbiq olunacaq.
2023-cü ildə təşkil olunan sertifikatlaşdırma prosesinin müsahibə mərhələsində 21883 nəfər təhsilverən iştirak edib. İştirak edən təhsilverənlərdən 21784 (99,5%) nəfəri uğur qazanıb.
Sosial şəbəkələrdəki paylaşımlardan aydın olur ki, müsahibə mərhələsi bir çox müəllimin “kabusuna” çevrilib. Belə ki, onlar sertifikasiyanın test mərhələsindən keçsələr də, müsahibə mərhələsindən keçə bilməyəcəklərini düşünür, bununla bağlı narahatlıq yaşayırlar.
Bunu isə onunla əlaqələndirirlər ki, test imtahanında konkret fənnlə bağlı biliklərini nümayiş etdirsələr də, müsahibədə onlara müxtəlif məzmunlu suallar verilir. Hətta sosial şəbəkələrdə bəzi müəllimlər belə fikirlər səsləndirib ki, müsahibə mərhələsində onlara geyimləri, yerişləri, danışıq qabiliyyəti, peşəsindən kənar suallar və s. kimi amillərlə bağlı etirazlar bildirilir.
Belə fikirlər dövlət qulluğuna qəbul imtahanının müsahibə mərhələsi ilə bağlı da səslənir. Qarşıdan isə yenidən sertifikasiya prosesinin müsahibə mərhələsi gəlir.
Ümumiyyətlə, müsahibə mərhələsi ilə bağlı mexanizm varmı?
Təhsil üzrə ekspert Elmin Nuri “Cümhuriyət”-ə bildirib ki, hər il istər müəllimlərin işə qəbul müsabiqəsi, istərsə də müəllimlərin sertifikatlaşdırılması prosesində müsahibə mərhələsi yaxınlaşan zaman sosial şəbəkələrdə müəyyən narazılıqlar ortaya çıxır: “Bu narazılıqlar yalnız sosial şəbəkədə deyil, həmçinin təhsil cameəsində də davam edir.
Əslində istər müəllimlərin işə qəbulu (MİQ) müsabiqəsində, istərsə də sertifikasiya prosesində müsahibə mərhələsi o qədər ağrılı, çətin, mürəkkəb proses hesab olunmur. Doğrudur, müəllimləri anlamaq olar. Onlar bunun da stresini yaşayırlar. Ancaq istər statistika, istərsə də digər göstəricilər bizə deməyə əsas verir ki, müəllimlərin müsahibə mərhələsi həqiqətən də mürəkkəb olmayan və 95 faizdən yuxarı müəllimin müsbət cavab aldığı bir prosesdir”.
O bildirib ki, proses əvvəldən axıradək kamera nəzarəti altında həyata keçirilir:
“Bu proses zamanı kameralar istənilən neqativlikləri qeydə ala bilər, bu, müəllimin narazılığına səbəb olan hər hansı arqumenti incələməyə sonradan Apellyasiya Komissiyasında imkan verir. Digər tərəfdən, müsahibə mərhələsinin əsas funksiyası müəyyən mövzular istiqamətində müəllimin ünsiyyət bacarığı, dünyagörüşü, tədris etdiyi fənnlə bağlı analitik təhlil aparmaq qabiliyyətini, eləcə də pedaqoji prosesi, yəni dərs müddətini idarəetmə bacarığını müəyyənləşdirməkdir.
Onun bütün strukturu, funksiyası sadaladığım detallarda əksini tapıb. Əsasən də müəllimin ünsiyyət bacarığı yoxlanılır. Müəllimdən ona qabaqcadan verilmiş mövzularla, tədris etdiyi predmetlə bağlı şifahi təhlil aparması istənilir. Burada elə də çətin bir prosedur yoxdur.
Ancaq mən bir sıra müəllimi başa düşə bilmirəm. Sertifikasiyanın, istərsə MİQ-in müsahibə mərhələsi yaxınlaşan kimi sanki ən çətin proses bu imiş kimi təşvişə düşürlər. Çox təəssüf olsun ki, bəziləri mövzuların hazır cavablarını öyrənmək, təqdim olunan mövzuları kiməsə yazdırmaq istəyir, mən buna qarşıyam. Demək olar ki, əksər fənn müəllimlərinin bu yola əl atdığını müşahidə edirik.
Məsələn, Azərbaycan dili, yaxud ingilis dili müəlliminə mövzu əvvəlcədən verilib. Müəllim test mərhələsində müsbət nəticə göstərib və onun maaşı da artacaq. Bu üstünlüklərə malik olan müəllim müsahibə mərhələsində 100 faiz müsbət cavab verə bilməlidir.
Ancaq çox təəssüf olsun ki, biz bunun əksini görürük. Müəllimlər yenə də daşıdıqları yüksək nigaranlıq səbəbindən müəyyən lazımsız fikirlərin yayılmasına yardımçı olur və onun alətinə çevrilirlər”.
Nigar Abdullayeva
"Cebheinfo.az"