Qandonduran qətllər:İnsanlar niyə qəddarlaşır?

Xəbər verdiyimiz kimi, bu gün səhər saatlarında Salyan rayonunun Kərimbəyli kəndində qətlə yetirilən 1956-cı il təvəllüdlü İsrafil Məmmədov və həyat yoldaşı xüsusi amansızlıqla öldürülüb.
Ər-arvadın meyiti yaşadıqları evin həyətində aşkarlanıb. Naməlum şəxs və ya şəxslər ərlə arvadın başını kəsib evin bağ sahəsinə atıblar.
Ümumiyyətlə, bu cür cinayətlərin sayı hər ötən gün daha da artır. Məhz ölkəmizdə ağır cəzaların tətbiqi belə insanları cinayət törətməkdən çəkindirmir. İnsanların bu qədər qəddarlaşa biləcəyi isə cəmiyyətdə təəssüf və təəccüb doğurur.
Ümumiyyətlə, insan psixologiyası nə qədər pozulmalıdır ki, bu cür qəddarlığa əl atsın?
"Cebhe.info"-ya açıqlamasında psixoloq Gülnar Orucova bildirib ki, 5-10 il əvvəllə müqayisədə cinayət hallarının sayı xeyli artıb:
"Bu cür xəbərləri paylaşıldıqca artır. İnsanlar bir-birinə çox yadlaşıb. Hər şey telefona keçib, insanlar canlı ünsiyyətdən uzaqlaşıb. İnsanlarda mərhəmət duyğusu azalıb, valideynlər belə övladlarına daha az vaxt ayırırlar, uşağı sakitləşdirmək üçün əlinə telefon verirlər. Amma bu belə olmur axı. Aşağı yaşdan uşaqlara sevgi, diqqət, qayğı verilsə, uşaq da böyüyəndə bu cür qətl hadisəsi törətməz. İnsan ölümlə başqa birini cəzalandırmamalıdır, bu yolu seçməməlidir".
Onun sözlərinə görə, belə halların artmasına səbəb insanların ünsiyyətdən qaçmasıdır:
"Heyvanlar bir-birilərini qoxlayaraq, insanlar isə danışaraq anlaşa bilər. Danışaraq həll edə biləcəyimiz hadisələrə savaşla gedirik. Qətl hadisəsinin bir anda törədildiyini düşünürük. Amma yox. Cinayətkar bir anda qətl hadisəsini törətmir. Ona qədər özünün haqlı olduğunu düşündüyü müəyyən səbəblər tapır. İllərlə bir məsələni həll edə bilmir, günahı onda görür, problemini çözə bilmir. İçində kin yığır. Kin saxlandıqca, bu cinayətə çevirilə bilir, insan qəddarlaşa bilir".
Naibə
"Cebhe.info"