Qarayara xəstəliyi: Ondan necə qorunmaq olar?

Qarayara xəstəliyi: Ondan necə qorunmaq olar?

Xəbər verdiyimiz kimi, Rusiyanın Moskva vilayətində Çuvaşiya sakini "Sibir yarası" (qarayara) diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Son günlərdə artıq dördüncü belə hal qeydə alınıb. Hazırda epidemiya əleyhinə tədbirlər görülür.

Çuvaşiyada qarayaraya bir neçə yoluxma halı qeydə alınıb ki, onlardan ilk ikisi martın 15-də Staroye Aktaşevo kəndində aşkarlanıb, bundan sonra kənddə karantin tətbiq edilib. Daha sonra başqa sakində simptomlar qeydə alınıb.

Bəs Azərbaycanda necə qarayara təhlükəsi varmı? ümumiyyətlə, qarayara necə yayılır və qorunma vasitələri nələrdir?

Mövzu ilə bağlı Cebhe.info-ya danışan tibb üzrə mütəxəssis, professor Adil Qeybulla bildirib ki, hazırda xəstəliyin epidemiya yaratmaq təhlükəsi yoxdur:

"Qarayara kimi tanıdığımız xəstəliyin adı “Sibir yarası”dır. Bu xəstəlik kənd təsərrüfatında yayılmış xəstəliklərdəndir. Dünyada bu xəstəliyin epidemiya yaratmaq təhlükəsi yoxdur. Amma müəyyən bir arealda xeyli yayılması mümkündür. Məsələn, bir kənddə və bir rayonda. Bunun qarşısını almaq və məhdudlaşdırmaq üçün artıq kənd təsərrüfatı mütəxəssislərinin, tibbin əlində böyük imkanlar var".

Xəstəliyin heyvan mənşəli olduğunu qeyd edən həkim xəstəliyin ölümlə nəticələnə biləcəyini vurğulayıb:

"Xəstəlik heyvani mənşəlidir və həyvandan insana keçə və insanda da ağırlaşma yaradaraq ölümə gətirib çıxara bilər. Xəstəlik dəri səthində qara rəngli, qara ərpli dərin yara törətmək qabiliyyətinə malik olduğuna görə bu cür adlanır. Yaralar sağalır, sadəcə söhbət bu yaralardan getmir, onun törətdiyi fəsadlardan gedir".

Ekspert xəstəliyə qarşı bəzi heyvanların immuniteti olduğunu qeyd edib:

"Məsələn, yırtıcılar dəstəsinin kaftarlar (Hyaena) fəsiləsinə aid məməli heyvanın "Sibir yarası"na qarşı dözümlülüyü var. Amma begemotların yoxdur, begemotlar bu xəstəlikdən ölürlər. Ona görə də "Sibir yarası" yayılan areallarda ev heyvanlarının məhvinə gətirib çıxarır. Əvvəllər bu cür xəstəlikdən ölən heyvanları dərhal basdırırdılar. Hazırda antibiotiklərin erası olduğuna görə, xəstəliyi vaxtında lokallaşdırılmaq imkanı var".

O, ölkəmizdə də kənd təsərrüfatı mütəxəssislərinin bu tip xəstəliklərə hazırlıqlı olmasını bildirib:

"Yəni bu xəstəliyin Azərbaycana keçməsi, burada ciddi problem yaratması real görünmür. Lakin istənilən halda kənd təsərrüfatı mütəxəssisləri bunları nəzərə almalıdırlar. Heyvan mənşəli infeksiyaların qarşısı həmişə alınmalıdır".

Xatırladaq ki, 1945-ci ildə İranda bu xəstəlikdən 1 milyon qoyun, ABŞ-da isə 1944-1994-cü illərdə 224 insan ölümü qeydə alınıb. Ən böyük epidemiya isə 1979-1985-ci illərdə Zimbabvedə baş verib. Bu epidemiya 10 000-dən artıq insanın həyatına son qoyub.

Günay Şahmar
Cebhe.info