"Qızların qırğını": “Ailələrə cərimə və sərt cəza verilməsə...”

Bu il doğulan oğlanların sayı qızlardan çoxdur.
Dövlət Statistika Komitəsinin məlumatında qeyd edilib ki, cari ilin yanvar-may aylarında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 41608 doğulan körpə qeydə alınıb və ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici azalaraq 11,1-dən 9,8-ə düşüb. Bildirilib ki, doğulan körpələr arasında oğlan uşaqlarının xüsusi çəkisi 53,1 faiz, qız uşaqlarının xüsusi çəkisi isə 46,9 faiz olmuşdur. Körpələrdən 1390-ı əkiz, 51-i üçəm, 4-ü isə dördəm doğulub.
Göründüyü kimi, qızların sayı azalır və gələcək üçün demoqrafik problemin təməli qoyulur. Bəs selektiv abortların qarşısını almaq üçün təşviqetmə kimi nə təklif oluna bilər?
Sosioloq Lalə Mehralı "Cebhe.info"-ya açıqlamasında bildirib ki, bu prosesdə maarifləndirmənin heç bir nəticəsi yoxdur:
"Əslində biz maarifləndirmənin nəticəsinin olmadığını çoxdan görmüşük. Sadəcə dövlətimiz bu məsələdə həm həkimlərə, həm də aborta gedən ailələrə qarşı çox humanist davranır. Elə əvvəldən ciddi formada cərimələr və qadağalar nəzərdə tutulmalı idi. Çünki biz çox şahidi oluruq ki, cəzalar sərtləşdirildikcə, cərimələr artırıldıqca, insanlar özlərini o vəziyyətdən geri çəkilmək məcburiyyətində hiss edirlər. Biz bunu yol hərəkəti haqqında qaydaların tətbiqində bariz şəkildə gördük.
Cərimələrin miqdarı yüksəldikcə əvvəl riayət edilməyən qaydalar yerinə yetirilməyə başlandı. Eyni təcrübəni selektiv abortların və erkən nikahların qarşısının alınmasında da həyata keçirə bilərik".
Onun sözlərinə görə, cərimələr sərtləşsə, selektiv abortların sayı da azalacaq:
"Çünki həm selektiv abortlarda, həm də erkən nikahlarda ciddi formada hədələyici vəziyyət meydana çıxıb. Dövlət artıq erkən nikah məsələsində öz mövqeyini ortaya qoydu. Bu prosesə hazırda ciddi formada nəzarət mexanizmi tətbiq edilir. Eyni mexanizmin selektiv abort məsələsində də istifadə edilməsinin tərəfdarıyıq. Çünki qızların “qırğını” həyata keçirilir, qızların oğlanlara nisbəti getdikcə aşağı düşür".
Sosioloq bildirib ki, demoqrafik problemlər gözləniləndir:
"Bu gedişlə demoqrafik problemlər ortaya çıxacaq. Sabah o oğlan uşaqlarını dünyaya gətirəcək qızlar belə olmayacaq. Zənnimcə, bizim kimi cəmiyyətlərdə insanların psixologiyasına hesablanmış addımlar atmaq lazımdır. Bu yol da cərimələrin və cəzaların sərtləşməsindən keçir".
Naibə
"Cebhe.info"