Təmiz ətraf mühit: Azərbaycanda 5 milli prioritetdən biri
Xəbər verdiyimiz kimi, 5 iyun ümumdünya Ərtraf Mühitin Mühafizəsi Günü kimi qeyd olunur.
Belə ki, 5 iyun 1972-ci ildən Birləşmiş Millətlər Təşkilatı (BMT) Baş Assambleyasının İsveçin paytaxtı Stokholm şəhərində keçirilən iclasında sonra ekoloji problemin kəskinliyini, əhali arasında ekoloji şüurun yüksəldilməsinin və ətraf mühitin mühafizəsi problemlərinə diqqətin yönəldilməsinin vacibliyi vurğulanıb. Bunun məntiqi nəticəsi olaraq da 5 iyunun ümumdünya Ətraf Mühitin Mühafizəsi Günü olmasına qərar verilib.
Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 2 fevral tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”ində ekologiyanın mühafizəsinə xüsusi diqqət ayrılıb. Belə ki, növbəti onillikdə ölkənin sosial-iqtisadi inkişafına dair beş Milli Prioritet reallaşdırılmalıdır ki, onlardan biri də təmiz ətraf mühit və “yaşıl artım” ölkəsi olmağı hədəfəyir.
Plana əsasən, bu müddət ərzində ölkədə keyfiyyətli və təmiz ekoloji mühit qorunmalı və resurslardan səmərəli istifadə təmin edilməlidir. Uzun illər ərzində yaranan ekoloji problemlərin kompleks həlli və bu sahədə davamlı inkişaf diqqət mərkəzində olmalıdır.
Gələcək illərdə iqtisadi və demoqrafik artımdan ətraf mühitə gələ bilən risklər azaldılmalıdır. Bu məqsədlə ölkədə ümumi ərazidə yaşıllıqların payı artırılmalıdır. İqtisadi artımla ekoloji mühit tarazlı olmalıdır. Ölkədə yararsız torpaq sahələri dövriyyəyə cəlb edilməklə mövcud resurslarımız bərpa edilməlidir. Ölkənin keyfiyyətli suya tələbatı su resurslarından səmərəli istifadə etməklə ödənilməlidir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji siyasət şöbəsinin müdiri Faiq Mütəllimov Cebhe.info-ya açıqlamasında bildirib ki, su ehtiyatlarından səmərəli istifadənin vacibliyini vurğulayan tədbirlərə dəstək olaraq yeni maarifləndirici və təşviqedici kampaniya həyata keçirilib:
"Bu, "Bir damcı" layihəsi adlanır. Layihə Ekologiya və Təbii Sərvətlər Nazirliyi, "Azərsu" Açıq Səhmdar Cəmiyyəti, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı (ASC) və İDEA İctimai Birliyinin birgə təşkilatçılığı ilə icra olunub. Kampaniyanın keçirilməsində əsas məqsəd su mənbələrinin dəyərinin bilinməsi, sudan istifadə ilə bağlı vərdişlərin aşılanması və bunların sayəsində vətəndaşlara davamlı olaraq su ilə təmin olunmasına fayda verməyin vacibliyini vurğulamaqdır. Kampaniyamız üç mərhələdə həyata keçirildi.
Birinci mərhələ "Bir damcı öyrənək" adlanırdı. Bu, su ehtiyatları barədə ilkin məlumatların sadə dillə çatdırılmasından ibarət idi. Həmçinin, suyun evimizə gəlib çatana qədər hansı proseslərdən keçdiyi göstərildi. İkinci mərhələ "Bir damcı dəyər verək" adlandırıldı. Burada daha çox nümunələr göstərməklə sudan qənaətlə istifadəyə çağırışlar etdik. Yəni məişətdə su ilə bağlı kiçik vərdişlərə yiyələnərək, böyük nailiyyətlər əldə edə biləcəyimizi başa saldıq.
üçüncü mərhələ isə "Bir damcı qoruyaq" adlandırıldı. Burada isə qlobal səviyyədə su ehtiyatlarının azalması fonunda gələcəkdə qarşılaşa biləcəyimiz problemləri vurğulamaqla su ehtiyatlarımızı qorumaq üçün hansı addımları atmalı olduğumuzu göstərdik. Kampaniyamız həm sosial şəbəkələrdə, həm telekanallarda, həm də digər yerlərdə çox geniş şəkildə təbliğ olundu. Düşünürük ki, bu kampaniya vasitəsilə mesajımızı çatdıra bildik. Proses davamlı olacaq ki, su ehtiyatlarımızı qoruyaq və ondan daha səmərəli istifadə edə bilək".
Faiq Mütəllimov qeyd edib ki, Azərbaycanda ətraf mühitin mühafizəsi və təbii sərvətlərdən səmərəli istifadə hər zaman diqqət mərkəzində olub:
"Azərbaycanın ekoloji siyasətində əsas 3 istiqamət müəyyən olunub. Bura təbii resurslarımızdan səmərəli istifadə və onların gələcək nəsillərə çatdırılması, ətraf mühitə təsirlərinin minimuma endirilməsi və aradan qaldırılması, eyni zamanda bu sahədə beynəlxalq əməkdaşlığın qorunması və gücləndirilməsi daxildir. Əbəs yerə yerə deyil ki, "Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər" sənədində məhz bir prioritet ətraf mühitlə bağlı olub. Bu, təmiz ətraf mühit və "yaşıl artım ölkəsi" adlanır. Yəni bu, yüksək keyfiyyətli ətraf mühit və "yaşıl enerji" zonası adlandırılır. Bu çərçivədə ətraf mühitin qorunmasının bir sıra istiqamətlərinə diqqət ayrılıb.
ümumiyyətlə, ətraf mühitin mühafizəsi istiqamətində son illərdə genişmiqyaslı tədbirlər həyata keçirilib. İnnovativ və müasir texnologiyaların istifadəsilə ekoloji monitorinq sisteminin təkmilləşdirilməsinə nail olmuşuq. Həmçinin, erkən xəbərdarlıq sisteminin qurulması istiqamətində tədbirlər görülüb. Baş verə biləcək təbii fəlakətlərin öncədən proqnozlaşdırılması aparılıb".
Həmsöhbətimiz əlavə edib ki, Azərbaycan iqlim dəyişmələrinə həssas bir ölkə kimi qeyd olunur:
"Çünki son illərdə su ehtiyatlarımızın azalması müşahidə olunur. Təbii ki, burada iqlim dəyişikliyinin rolu böyükdür. Yağıntıların azalması buna təsir edir. İşğaldan azad olunmuş ərazilərdə karbon neytrallığına nail olunması əsas hədəflərdən biridir. Bərpa olunan enerji istiqamətində bir sıra müqavilələr imzalanıb.
Eyni zamanda, alternativ enerji mənbələrindən, hidrogen və digər enerjilərdən istifadənin genişləndirilməsi nəzərdə tutulub. Bütün bunlarda son nəticədə iqlim dəyişmələrinin azaldılmasına səbəb olacaq".
Nazirlik rəsmisi 10 ildən sonra bu il "Qırmızı kitab"ın yeni nərşinin işıq üzü gördüyünü diqqətə çatdırıb:
"Yeni üçüncü nəşrdəki əsas əlamətdar məqamlardan biri də işğaldan azad olunan ərazilərdə də biomüxtəlifliyin qorunması və ora daxil olan nadir və nəsli kəsilmək təhlükəsində olan canlılar burada qeyd olunub. Bununla yanaşı, ilk dəfə olaraq çəhrayı siyahılar da tərtib edilib".
Faiq Mütəllimov görülən digər işlər barədə də məlumat verib:
"Xəzər dənizinin mühafizəsi istiqamətində həm beynəlxalq konvensiyalar çərçivəsində, həm də nazirlik fəaliyyətilə işlər aparılır. Potensial çirkənlənmə mənbələrində, sahil zolağında, açıq dənizdə olan mənbələrin mütəmadi monitorini aparılır. Eyni zamanda, Xəzər dənizinin biomüxtəlifliyin dəyərləndirilməsi həyata keçirilir. Xüsusilə, meşə və yaşıllıqların artırılması ilə bağlı atılan addımları da vurğulamaq istəyirəm. Cari ildə 3 milyon ağacın əkilməsi nəzərdə tutulur. Nazirlik tərəfindən tullantıların idarəolunması sahəsində də digər aidiyyəti qurumlar və tərəfdaşlarla birlikdə fəaliyyətlər həyata keçirilir.
Nəqliyyat vasitələrinin utilizasiyası ilə bağlı da qanunvericilik sənədi razılaşdırma mərhələsindədir. Bütün istiqamətlərdə fəaliyyətlər həyata keçirilir. Bu da dövlətimizin ətraf mühitin mühafizəsinə, təbii sərvətlərin səmərəli istifadəsinə və onların gələcək nəsillər üçün qorunub saxlanılmasına göstərdiyi diqqətin bir təzahürüdür. Biz hamımız çalışmalıyıq ki, ətraf mühiti qoruyaq və özümüz də sağlam və təmiz ətraf mühitdə yaşaya bilək".
Elmir Mustafa
Cebhe.info