Yay xəstəliklərlə gəlir: Həkimdən xəbərdarlıq

Yay xəstəliklərlə gəlir: Həkimdən xəbərdarlıq

Yay aylarında isti hava bir çox insanın həyatını çətinləşdirməyə başlayır.

Havanın temperaturunun yüksəlməsi yay xəstəlikləri adlanan bəzi növ xəstəliklərin artmasına səbəb olur. Yay aylarında baş qaldıran xəstəliklərlə bağlı infeksionist-hepatoloq Mərdan Əliyev "Cebhe.info"-ya açıqlamasında bildirib ki, soyuq və isti fəsillərin özünəməxsus xəstəlikləri var: 

“Qışda kəskin respirator virusu infeksiyaları dediyimiz yuxarı və aşağı tənəffüs yolu xəstəliklərinə rast gəlirik. Yayda isə belə xəstəliklərin sayı azalır, əvəzində başqa xəstəliklər çoxalmağa başlayır. Bunlardan əsası isti havada qidanın düzgün saxlanmaması nəticəsində zəhərlənmə hallarının baş verməsidir. Ona görə də qida zəhərlənmələri artır. Uşaqlar daha həssas olduğu üçün diqqətli olmaq lazımdır. 

Havaların isti olması ilə əlaqəli olaraq ishal hallarına da tez-tez rast gəlinir, bununla yanaşı, günvurma və istivurma xəstəlikləri müşahidə edilir. İstivurma isti yerdə qalmaqla, günvurma isə günəş şüaları altında qalmaqla əlaqəlidir. Bunlar ciddi patalogiyalara səbəb olur”. 

O qeyd edib ki, yay aylarında dəri xəstəlikləri də artır:

"Göbələk xəstəliklərinə çox rast gəlinir. Ən pis halda isə bu, dəri xərçənginə səbəb olur. Digər tərəfdən, həşərat dişləmələrinə, ilan sancmalarına da yay aylarında tez-tez rast gəlinir". 

Ləman İsmayıl 
"Cebhe.info"