“COP29 Azərbaycan iqtisadiyyatı üçün fürsətdir” - MÜSAHİBƏ

“COP29 Azərbaycan iqtisadiyyatı üçün fürsətdir” - MÜSAHİBƏ

Hər il fərqli bir ölkənin ev sahibliyi etdiyi 29-cu “Conference of the Parties”(COP, yəni "Tərəflərin Konfransı” noyabrın 11-dən 22-dək Bakıda keçiriləcək.

COP29 iqlim fəaliyyətini sürətləndirmək və Paris Sazişinin məqsədlərinə nail olmaq üçün keçirilən tarixi görüş hesab olunur. Bundan əvvəlki tədbir - COP28 keçən il Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində baş tutub. 

COP29-un bir sıra iqlim dəyişikliyi məsələlərini müzakirə etmək və danışıqlar aparmaq üçün dünya liderlərini, hökumət rəsmilərini, alimləri, QHT-ləri və digər maraqlı tərəfləri bir araya gətirən böyük tədbir olacağı gözlənilir. 

COP tədbirlərinin məqsədi Paris Sazişinin tələbi olaraq dünyada karbon qazının (CO2) miqdarını sənayeləşmədən əvvəlki dövrdə olduğu kimi 1,5 dərəcə Selsi ilə məhdudlaşdırmaq üzrə irəliləyişə nail olmaqdır. Bundan başqa, inkişaf etmiş ölkələr inkişaf etməkdə olan ölkələrə iqlim dəyişikliyinin təsirini azaltmaq və uyğunlaşmaqda kömək etmək üçün maliyyə yardımı üçün fond toplayırlar. İnkişaf etməkdə olan ölkələrin artıq üzləşdiyi iqlim dəyişikliyinin qaçınılmaz təsirlərinə və bu təsirlərin aradan qaldırılması üçün maliyyə və digər dəstəyə ehtiyacı var. 

Bu dəstək olmadan inkişaf etməkdə olan ölkələr təmiz enerji mənbələrinə keçid edə, qlobal karbon qazı ifrazını azalda bilməzlər. COP29 Konfransı iştirakçı ölkələr üçün yeni öhdəliklər götürmək və iqlim böhranını həll etmək üçün konkret addımlar atmaq üçün bir fürsətdir. 

COP29-un Azərbaycan üçün önəmi ilə bağlı müsahibimiz millət vəkili Azər Badamovdur:

-Ölkəmiz bir çox tədbirlərə ev sahibliyi edib. BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası, yəni COP29 kimi bir tədbirin bu il Azərbaycanda keçirilməsini necə dəyərləndirirsiniz? 

-COP29 beynəlxalq konfransına ev sahibliyimiz beynəlxalq ictimaiyyət tərəfindən yekdilliklə təsdiq edilib. Bunu ilk növbədə Azərbaycana beynəlxalq səviyyədə olan nüfuzun, etibarın və etimadın göstəricisi hesab edirəm. Çünki bu konfrans çox böyük məsuliyyətli bir tədbirdir. Konfransın açılış mərasiminə dünyanın hər bir guşəsindən dövlət başçıları və rəsmi şəxslər gələcəklər. 

Ümumiyyətlə, konfransın davam edəcəyi dövrdə ölkəmizə 70-80 min qonağın gələcəyi proqnozlaşdırılır. Əgər onlar bizə etibar etməsəydilər, noyabrda dünyanın mərkəzinin Azərbaycan olmasına səs verməzdilər. Azərbaycan dünyada sabitlik və təhlükəsizlik adasıdır. Ölkəmiz bir çox beynəlxalq tədbirlərə ev sahibliyi edib. Ölkəmizin ev sahibliyi etdiyi beynəlxalq tədbirlər çox yüksək səviyyədə keçirilir və qlobal əhəmiyyətli qərarlar qəbul olunur. Azərbaycanın beynəlxalq tədbirləri keçirməkdə böyük təcrübəsi var. Bu baxımdan, COP29-u da biz çox yüksək səviyyədə həyata keçirəcəyik və dünya gündəliyi üçün vacib qərarların qəbul olunmasına töhfə verəcəyik. 

-COP29 ölkəmizə müxtəlif istiqamətlər, xüsusilə də iqtisadiyyata hansı töhfələr verəcək? 

-Qeyd etdiyim kimi, COP29 beynəlxalq konfransının keçirəcəyi dövrdə dünyanın diqqət mərkəzi Azərbaycan olacaq. O cümlədən, ölkəmizə gələcək on minlərlə şəxsdə Azərbaycan haqqında dəqiq təsəvvürlər formalaşcaq. Gələcək qonaqların arasında Azərbaycanı heç tanımayanlar və ölkəmizə heç vaxt gəlməyənlər də olacaq. Bu, bizə ölkəmizin iqtisadi, mədəni potensialını beynəlxalq səviyyədə təqdim və təbliğ etməyə imkan verəcək. Bu tədbirin keçirilməsi ölkəmizə investisiya axınını sürətləndirəcək. O cümlədən, Azərbaycanla əməkdaşlıq etmək arzusunda olan yeni tərəfdaşlar meydana gələcəkdir. Bu, bizə həm daxili istehsalımızı artırmağa, həm də xarici bazarlara çıxış imkanlarımızı genişləndirməyimizə imkan verəcək. 

COP29 -un keçirilməsi həm də ölkəmizin yaşıl gündəliyinin inkişafını sürətləndirəcəkdir. Azərbaycan 2030-cu ilə qədər istehsal etdiyi elektrik enerjisinin 30%-ni bərpa olunan enerji resurslarına yönəltməyi planlaşdırıb. COP29 çərçivəsində ölkəmizin bərpa olunan enerji sektoruna investisiya yatırmaq və bizimlə əməkdaşlıq etmək istəyən investorların sayı artacaq. Çünki Azərbaycanın təsdiq olunmuş 200 QVt yaşıl enrji potensialı var. Bu potensialımızdan səmərəli istifadə etməyimiz həm qazın elektrik enerjinin istehsalında qənaət olunmasına yol açar, həm də iqlim dəyişikliklərinə qarşı mübarizəyə töhfə vermiş olarıq. 

- Azərbaycan yaşıl enerjiyə dəstək verən ölkələr sırasında yer alır. COP29 bu istiqamətdə hansı imkanlar yaradacaq? 

-Əslində Azərbaycan yaşıl gündəliyini COP29-a görə müəyyən etməyib. Bir neçə il əvvəl BMT-də iqlim dəyişiklikləri ilə bağlı çağırış olunanda Azərbaycan bu çağırışlara könüllü qoşularaq 2030 -cu ilə qədər yaşıl enerjinin istehsal payını ümumi enerjidə 30%-ə çatdırılması ilə bağlı öhdəlik götürmüşdür. Həm də 30 il erməni işğalı altında olmuş torpaqlarımızın azad olunması yaşıl enerji gündəliyimizi daha genişləndirməyimizə yeni imkanlar açdı. Belə ki, işğaldan azad olunmuş ərazilərdə 50-yə yaxın kiçik hidroelektrik stansiyalar yenidən qurulur və bərpa edilir. Həm də işğaldan aad olunmuş ərazilərin günəş və külək enerji potensialı da dövriyyəyə qaytarmaq imkanına malik olduq. Ona görə də biz yaşıl gündəliyimizi daha da genişləndirdik və işğaldan azd olunmuş ərazilərimizi “yaşıl zona” elan etdik. 

COP29 investorların işğaldan azad olunmuş ərazilərə maraqını da artıracaq. Ümumiyyətlə, Azərbaycanın biznes mühütü çox optimaldır. Sənaye parklarımız, Ələt Azad İqtisadi Zonası, işğaldan azad olunmuş ərazilərimizə xüsusi güzəştlərin tətbiq olunması, beynəlxalq nəqliyyat dəhlizləri üzərində yerləşməyimiz xarici investorların cəlbediciliyini artıracaqdır. Bütün bunları nəzərə alaraq COP29-u Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi və möhkəmlənməsi üçün yaranmış bir fürsət hesab edirəm.

Nigar Abdullayeva
“Cebhe.info”