Şadlıq sarayları nə deyir: COP29-da Bakıda toylar keçirilməyəcək?
Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) keçiriləcək.
Noyabr ayının 11-22 tarixlərində baş tutacaq beynəlxalq tədbirin keçirilməsi Bakının müxtəlif istiqamətlərində planlaşdırılıb. Tədbirlə əlaqədar Bakıda bəzi məhdudlaşdırıcı addımların atılacağı da açıqlanıb.
Məhdudlaşdırıcı tədbirlər çərçivəsində universitetlərdə distant təhsilə keçiləcək, məktəblərdə payız tətili elan olunacaq. O cümlədən təntənəli mərasimlərin keçirilməsinin müvəqqəti təxirə salınacağı, hətta bununla bağlı şəhərdə fəaliyyət göstərən şadlıq evlərinə xəbərdarlıq edildiyi bildirilir. Bu səbəbdən də COP29 tədbirinin keçiriləcəyi vaxtda şadlıq evlərində toyların təxirə salınacağı söylənilir.
"Kolizey" şadlıq sarayından “Cebheinfo.az”-a bildirilib ki, həmin əfərədə toy keçirilməyəcək: “COP-29-la əlaqədər olaraq bizə hər hansısa bir göstəriş verilməyib. Amma məhdudlaşdırma tədbirləri olacağından toy şənlikləri keçirmək də çətin olacaq. Lakin buna baxmayaraq, sifarişləri qeydə alırıq. Müştərilərə də öncədən deyirik ki, COP29-da toy keçirməyə bilərik. Əgər bizə göstəriş gəlsə, əməl edəcəyik”.
“Sərin” şadlıq sarayından isə bildirilib ki, həmin ərəfə üçün heç bir sifariş götürülmür: “Bakıda böyük tədbir keçiriləcək. Bununla bağlı mərasimlərin keçirilməsinə məhdudiyyətlər qoyula bilər. Noyabrın 11-dən 25-nə kimi heç bir sifarişimiz yoxdur”.
“Xəzinə Palace”-dan bildirilib ki, Bakıdan kənardakı ərazilərdə toy şənlikləri keçirilə bilər: “Toylara daha çox Bakıda məhdudiyyətlər qoyulacağı deyilir. Amma Bakıdan kənardakı ərazilərdə toy şənliklərini keçirmək olar. Bizə hələlik qadağa ilə bağlı məlumat daxil olmayıb”.
Həsən Məmmədov
“Cebheinfo.az”