Şahin Mustafayev BOK üzvü ilə görüşdü
Baş nazirin müavini Şahin Mustafayev bu gün Beynəlxalq Olimpiya Komitəsinin üzvü, Dünya Badminton Federasiyasının vitse-prezidenti, Tailand Badminton Assosiasiyasının prezidenti Hunyinq Patama Lisvadtrakul ilə görüşüb.
"Cebheinfo.az" xəbər verir ki, görüşdə Azərbaycanda idmanın inkişafı istiqamətində həyata keçirilən ardıcıl tədbirlər barədə söhbət açılıb.
İdmançıların dövlət başçısının yüksək diqqət və qayğısı ilə əhatə olunduğu, ölkədə müasir idman infrastrukturunun yaradıldığı bildirilərək, bütün bunların idmançılarımızın beynəlxalq turnirlərdə yüksək nəticələr əldə etmələrində müstəsna rol oynadığı diqqətə çatdırılıb.
Dünyada aparıcı idman ölkələrindən biri kimi tanınan Azərbaycanın müxtəlif idman növlərini əhatə edən nüfuzlu beynəlxalq yarışlara və irimiqyaslı tədbirlərə nümunəvi şəkildə ev sahibliyi etdiyi bildirilib. Bakıda növbəti dəfə keçirilən Formula 1 Azərbaycan Qran-Prisinin yüksək səviyyədə təşkil edilməsində ölkəmizin uğurlu təcrübəsi təqdir edilib.
Azərbaycan Badminton Federasiyası və Dünya Badminton Federasiyası arasında əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə olunub. Eyni zamanda Azərbaycan Badminton Federasiyası ilə Tailand Badminton Assosiasiyası arasında əlaqələrin qurulması imkanları ilə bağlı fikir mübadiləsi aparılıb.
"Cebheinfo.az"