ABŞ-dən Çinə “çip hücumu”

ABŞ-dən Çinə “çip hücumu”

“ABŞ administrasiyası Çinin hərbi tətbiqlərdə istifadə oluna bilən qabaqcıl çip istehsal etmək imkanlarını məhdudlaşdırmaq üçün ixrac nəzarətini artırıb”. 

“Cebheinfo.az” xəbər verir ki, bunu ABŞ Ticarət Departamentinin Sənaye və Təhlükəsizlik Bürosu (BIS) elan edib. Bildirilib ki, bu qaydalar xüsusilə yarımkeçiricilərin istehsalında və süni intellekt texnologiyalarında istifadə oluna bilən avadanlıq və proqram təminatına diqqət yetirir. 

Yarımkeçirici istehsalında istifadə olunan 24 müxtəlif növ avadanlıq və çip dizaynı üçün 3 proqram aləti ixrac nəzarətinə məruz qalacaq. Məhdudiyyətlər süni intellekt və qabaqcıl hesablamalar üçün kritik texnologiyalara, məsələn, yüksək bant genişliyi yaddaşına qoyulub.

Bu çərçivədə Çində 140 şirkət, xüsusilə də hərbi modernləşdirmə layihələrində iştirak edən avtomobil istehsalçıları, yarımkeçirici fabriklər və investisiya firmaları hədəf alınıb. ABŞ bu addımların Çinin hərbi modernləşdirmə səylərini yavaşlatmağı, yerli yarımkeçirici ekosistem yaratmaq qabiliyyətini zəiflətməyi, gələcək süni intellekt və qabaqcıl texnologiya investisiyalarını məhdudlaşdırmağı hədəflədiyini bildirib. 

Əfsanə Rəcəb 
“Cebheinfo.az”