Aİ-dən "Apple"-a qarşı yeni iddia 

Aİ-dən "Apple"-a qarşı yeni iddia 

Avropa İttifaqı (Aİ) texnologiya şirkəti "Apple"-ın "App Store" tətbiqləri ilə ittifaqın texnologiya qaydalarını pozmaqda günahlandırıb və şirkətə qarşı yeni araşdırma başladıb.

"Cebhe.info" xəbər verir ki, Aİ Komissiyası "App Store" qaydalarının proqram tərtibatçılarına mane olduğu səbəbiylə Rəqəmsal Bazarlar Aktı (DMA) çərçivəsində açılan araşdırma ilə bağlı "Apple"-a rəsmi bildiriş göndərildiyini açıqlayıb.

 Açıqlamada xatırladılıb ki, tətbiqlərini "App Store" üzərindən yayan tərtibatçılar Aİ qanunları çərçivəsində müştərilərini alternativ və daha ucuz satın alma variantları haqqında pulsuz məlumatlandırmalı, onları bu təkliflərə yönəltməli,  proqramları satın almağa imkan yaratmalıdırlar. 

Açıqlamada "Apple"-ın bu sahədə qeyri-adekvat olduğu, şirkətin proqram tərtibatçıları ilə münasibətlərini tənzimləyən şərtlərinin, o cümlədən "App Store"-un yönləndirmə qaydalarının Aİ qaydalarındakı kriteriyalara uyğun olmadığı bildirilib.

Qeyd olunub ki, Aİ Komissiyası üçüncü tərəf proqram tərtibatçıları və tətbiq mağazaları üçün əsas texnologiya haqqı da daxil olmaqla yeni müqavilə tələblərinə görə "Apple"-a qarşı yeni araşdırma başladıb.

Qeyd edək ki, Aİ texnologiya qaydalarına əsasən, "Apple" və rəqəmsal platformalar kimi böyük şirkətlər daha sərt qaydalara tabedir.  Aİ-nin rəqəmsal qanunlarını pozan şirkətlər qlobal dövriyyənin 10 faizinə qədər cərimələnə bilər.

Nigar Hacılı 
"Cebhe.info"