Aİ subsidiyaları azaltmağa çağırır

Aİ subsidiyaları azaltmağa çağırır

Avropa İttifaqı (Aİ) Komissiyası üzv dövlətlərdən birliyin maliyyə qaydalarına riayət etməyi və cari enerji dəstəyi tədbirlərini bu ilin sonuna qədər azaltmağı xahiş edib.

Cebhe.info xəbər verir ki, Aİ Komissiyası üzv ölkələrin iqtisadi vəziyyəti ilə bağlı tövsiyələri özündə əks etdirən “Avropa Yaz Semestr Paketi” adlı araşdırmasını dərc edib.

Tədqiqatda bütün üzv ölkələrdən sağlam fiskal mövqe tutmaq və xalis ilkin xərclərin nominal artımını məhdudlaşdıran ehtiyatlı maliyyə siyasəti həyata keçirmək istənilib.

üzv dövlətlərdən ictimai dəstəkləri, Aİ fondlarını xüsusilə yaşıl və rəqəmsal transformasiyanı təşviq edəcək şəkildə istifadə etmələri tələb edilən araşdırmada, mövcud enerji dəstəyi tədbirlərinin 2023-cü ilin sonuna qədər azaldılması lazım olduğu göstərilib.

Qiymətlərinin yenidən artması vəziyyətində enerji qənaətinin dəstəklənməsinin əhəmiyyətinin vurğulandığı araşdırmada, bu yardımların yoxsulları və şirkətləri qorumağı hədəfləməsi lazım olduğu qeyd edilib. Tədqiqatda üzv ölkələrin gələn ildən sonrakı dövrdə ehtiyatlı orta müddətli fiskal mövqeyi üçün davamlı inkişafa rəvac verən sərmayələri və islahatları ehtiva edən orta müddətli fiskal strategiyaya əməl etməyin vacibliyi vurğulanıb.

Araşdırmada dövlət kəsiri və borc meyarlarına uyğunluğunu qiymətləndirmək məqsədilə Belçika, Bolqarıstan, Çexiya, Almaniya, Estoniya, İspaniya, Fransa, İtaliya, Latviya, Macarıstan, Malta, Avstriya, Polşa, Sloveniya, Slovakiya və Finlandiya kimi 16 üzv ölkə üçün hesabat hazırlandığı, büdcə kəsiri meyarının Belçika, Bolqarıstan, Çexiya, Almaniya, Estoniya, İspaniya, Fransa, İtaliya, Latviya, Macarıstan, Malta, Polşa, Sloveniya və Slovakiya tərəfindən qarşılanmadığı müəyyən edildiyi bildirilib.

Araşdırmada Fransa, İtaliya və Finlandiyanın borc meyarlarına cavab vermədiyi xüsusi vurğulanıb. Almaniya, Fransa, İspaniya, Hollandiya, Portuqaliya, Rumıniya, İsveç, Macarıstan və Cənubi Kipr Rum Administrasiyasının makroiqtisadi balanssızlıqlar yaşadığı, Yunanıstan və İtaliyada "həddindən artıq balanssızlıq" olduğu qeyd edilib.

Yüksək inflyasiya xəbərdarlığı

Aİ Komissiyasının vitse-prezidenti Valdis Dombrovskis, son 3 ilin Avropada fərdlər və müəssisələr üçün çox çətin olduğuna diqqət çəkərək, “Son vaxtlar enerji qiymətlərindəki enişlərə baxmayaraq, xüsusilə də yüksək inflyasiya kimi alıcılıq qabiliyyətini və şirkətlərin rəqabət qabiliyyətini azaldan bir çox problemlərlə üzləşirik” deyib.

Bu mərhələdə diqqətin ehtiyatlı fiskal siyasətlərə yönəldilməli olduğunu izah edən Dombrovskis, inkişafı dəstəkləmək və Aİ-ni daha rəqabətli etmək üçün ən yaxşı investisiyaların müəyyən edilməsinin vacibliyini vurğulayıb.

Aİ-də maliyyə intizamını və sabitliyini təmin etmək üçün yaradılmış Sabitlik və Artım Paktı, üzv ölkələrin qabaqlayıcı tədbirlər vasitəsilə maliyyə intizamını qoruyub saxlamalarını təmin etmək məqsədi daşıyır.

Aİ qaydalarına görə, üzv dövlətlərin büdcə kəsirləri ümumi daxili məhsulunun 3 faizindən aşağı, dövlət borc ehtiyatlarının ümumi daxili məhsula nisbəti isə 60 faizdən çox olmamalıdır.

Aİ-yə üzv ölkələr arasında 2022-ci ilin son rübündə dövlət borcunun üDM-ə nisbəti ən yüksək olan ölkə 171,3 faiz ilə Yunanıstandır. Dövlət borcuna görə Yunanıstanı 144,4 faizlə İtaliya, 113,9 faizlə Portuqaliya, 113,2 faizlə İspaniya, 111,6 faizlə Fransa və 105,1 faizlə Belçika izləyib.

Keçən il Rusiya-Ukrayna müharibəsi və enerji böhranı ilə artan təbii qaz və elektrik enerjisi qiymətlərinə qarşı Avropa İttifaqına üzv dövlətlər bir çox tədbir və dəstək proqramı həyata keçirib. Bu enerji subsidiyaları üzv dövlətlərin dövlət maliyyəsinin üzərinə ciddi yük qoyur.

Nigar
Cebhe.info