Analıq məzuniyyəti ilə bağlı yeni TƏKLİF

“Ədalətli Rusiya” partiyası Dövlət Dumasına qadınlara hamiləliyin istənilən mərhələsində analıq məzuniyyəti almaq imkanı verən yeni qanun layihəsi təqdim edib.
"Cebheinfo.az" xəbər verir ki, mövcud qanuna əsasən, analıq məzuniyyəti 30-cu həftədən başlayır və ümumilikdə 140 gün (doğuşdan əvvəl və sonra 70 gün) davam edir.
Yeni qanun layihəsində hamilə qadınların ginekoloq qeydiyyatında olması şərti ilə istədikləri vaxt analıq məzuniyyətinə icazə verilməsi nəzərdə tutulur.
Qanun layihəsi Rus Pravoslav Kilsəsinin (RPK) rəhbəri, Moskva və bütün Rusiyanın patriarxı Kirillin ilin əvvəlində analıq məzuniyyətinin hamiləliyin ilk üç ayını əhatə etməsi çağırışından ilhamlanıb.
“Ədalətli Rusiya” partiyasının sədri Sergey Mironov bildirib ki, bu tənzimləmə həm anaların sağlamlığını qorumaq, həm də ölkədə doğum səviyyəsini artırmaq məqsədi daşıyır.
Bununla belə, o, mövcud sistemdə bu tənzimləmənin könüllü olacağını, bir çox qadınların analıq məzuniyyəti əvəzinə tam maaşla işləməyə üstünlük verdiyini də vurğulayıb.
Ekspertlər yeni qanunun iş həyatında bəzi mənfi nəticələrinin ola biləcəyinə diqqət çəkirlər.
Xüsusilə, işəgötürənlərin işə qəbul zamanı qadınlara hamiləlik planları haqqında daha çox sual verməyə başlayacağı və ayrı-seçkiliyin arta biləcəyi ilə bağlı narahatlıq var.
Moskvada aparılan sorğu nəticəsində məlum olub ki, bu cür suallar iş müsahibələrində ən narahat mövzulardandır.
Nigar Hacılı
"Cebheinfo.az"