“Apple” Trampın dediyini etdi

“Apple” Trampın dediyini etdi

Şirkət yaxın zamanda bu dəyişikliyi bütün dünyaya yaymağı planlaşdırır.

“Google” şirkətinin ardınca Amerikanın texnologiya nəhəngi “Apple” də ABŞ istifadəçiləri üçün xəritələrində Meksika körfəzinin adını Amerika körfəzi olaraq dəyişib. 

Bu addım ABŞ Prezidenti Donald Trampın imzaladığı fərmana əsasən atılıb. 

"Cebheinfo.az" xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi məlumat yayıb. Dəyişiklik “Apple Maps” ("Xəritələr") tətbiqinə aiddir və bu proqram “iPhone”, “iPad” və “Mac” kimi “Apple” cihazlarında standart olaraq mövcuddur. Hazırda yeni ad yalnız ABŞ istifadəçiləri üçün görünür, lakin şirkət bu yeniliyi tezliklə qlobal səviyyədə tətbiq etməyi planlaşdırır. 

Qeyd edək ki, Tramp yanvarın sonunda keçirilən inauqurasiyasından qısa müddət sonra Meksika körfəzinə yeni ad verilməsi ilə bağlı fərman imzalayıb. Ağ Ev rəhbəri bunun səbəbi kimi körfəzin "dünyanın ən böyük körfəzi" olduğunu və "ABŞ iqtisadiyyatı üçün kritik əhəmiyyət daşıdığını" göstərib. 

Fərmanda yeni adın verilməsinin əsas məqsədinin "bu mühüm iqtisadi mənbənin tanınması və onun ölkə üçün strateji dəyərinin vurğulanması" olduğu qeyd edilib. BMT isə bu addımla bağlı mövqeyini açıqlayaraq bildirib ki, coğrafi obyektlərin adının dəyişdirilməsi hər hansı bir ölkənin səlahiyyətində deyil və bu cür qərarlar beynəlxalq səviyyədə qəbul edilməlidir. 

Səbinə Uğur 
"Cebheinfo.az"