Bu ölkədə nəqliyyat nazirinin istefası istənilir
Serbiyanın Novi Sad şəhərində qatar stansiyasında beton eyvanın uçması nəticəsində 14 nəfərin həyatını itirdiyi hadisədən sonra keçirilən etiraz aksiyasında tikinti, nəqliyyat və infrastruktur naziri Qoran Vesiçin istefası tələb olunub.
"Cebheinfo.az" xəbər verir ki, paytaxt Belqradda etiraz aksiyası üçün sosial şəbəkələr vasitəsilə təşkilatlanan nümayişçilər köhnə vağzalda toplaşaraq, Tikinti, Nəqliyyat və İnfrastruktur Nazirliyinə doğru piyada gediblər.
Polis “Bu faciə deyil, cinayətdir”, “Korrupsiya öldürür” və “Məsuliyyət daşıyanlar güzgüyə baxsın” yazılı plakatlar daşıyan nümayişçilərə nazirlik binasına yaxınlaşmağa icazə verməyib.
Stansiyada baş verən hadisənin birbaşa korrupsiya, səhlənkarlıq, keyfiyyətə nəzarət və tikinti yoxlamalarındakı çatışmazlıqların nəticəsi olduğunu əsas gətirən etirazçılar nazir Vesiçin istefasını tələb ediblər.
Etirazçılar Vesiç istefa verməsə, çərşənbə axşamı Novi Sadda toplanacaqlarını açıqlayıblar.
Xatırladaq ki, cümə günü baş verən hadisədə Novi Sadda qatar stansiyasının beton eyvanının uçması nəticəsində dağıntılar altında qalaraq 14 nəfər ölüb, 3 nəfər yaralanmışdı.
Serbiya Prezidenti Aleksandar Vucic həyatını itirənlərin yaxınlarına başsağlığı verərək, "Prezident olaraq hökumətdən və Novi Sad prokurorluğundan qəzaya görə məsuliyyət daşıyanların ən ağır şəkildə cəzalandırılmasını xahiş edirəm" demişdi.
Nigar Hacılı
"Cebheinfo.az"