Daşqın oldu: Məhbuslar qaçdı

Daşqın oldu: Məhbuslar qaçdı

Nigeriya rəsmiləri ölkənin şimal-şərqindəki Maiduquri şəhərindəki həbsxananın şiddətli daşqın nəticəsində zədələnməsindən sonra həbsdən qaçan 270-dən çox məhbusun itkin düşdüyünü açıqlayıb.

"Cebheinfo.az" bu barədə "BBC News"-a istinadən xəbər verir.

İndiyədək qaçan məhbuslardan sadəcə 7-si yenidən həbs edilib. 

Daşqına güclü yağışlar nəticəsində bəndin uçması səbəb olub.

Borno əyalətinin paytaxtı Maiduquridə sel suları səbəbindən yüz minlərlə insan evlərini tərk etmək məcburiyyətində qalıb və ən azı 30 nəfər həyatını itirib.

Borno əyalətinin qubernatoru Babaqana Zulum zərərin miqyasını "insan təsəvvüründən kənar" adlandırıb.

Nigeriya hakimiyyəti ilk dəfə olaraq həbsdən qaçan insanların sayını etiraf edib. Nigeriya İslah Xidməti (NCoS) bazar günü bildirdi ki, orta təhlükəsizlik həbsxanasının divarları zədələndikdən sonra məhbuslar köçürülmə prosesindədir və bəziləri təhlükəsiz obyektə təxliyə zamanı qaça biliblər.

Qubernator Zulum daha əvvəl BBC-yə demişdi ki, islamçı yaraqlı Boko Haram qruplaşmasının bəzi üzvləri oradan çıxanlar arasındadır. Amma qaçanların neçəsinin cihadçı zorakılıqlarla əlaqəsi olduğu bəlli deyil.

NCoS sözçüsü Umar Abubakar ictimaiyyəti inandırmağa çalışıb ki, onun təşkilatı qaçanları geri almaq üçün təhlükəsizlik agentlikləri ilə işləyir. O, itkin düşənlərin fotolarını dərc edib və insanları sakit olmağa çağırıb və əlavə edib ki, həbsxanadan qaçmaq ictimai təhlükəsizliyə təsir etmir.

Nigar Hacılı 
"Cebheinfo.az"