Ərdoğan müsəlman ölkələrinə çağırış etdi
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan müsəlman dövlətləri İsrailə qarşı həmrəy olmağa çağırıb.
“Cebheinfo.az” bu barədə “Anadolu” agentliyinə istinadən xəbər verir.
Bildirilib ki, İstanbulda İslam Əməkdaşlıq Təşkilatının (İƏT) İqtisadi və Ticarət Əməkdaşlığı üzrə Daimi Komitəsinin 40-cı Sessiyasının açılış mərasimində Prezident Rəcəb Tayyib Ərdoğan Qəzzada əsrin ən amansız soyqırımın baş verdiyini bəyan edib.
Ərdoğan İsrail təcavüzünə qarşı haqlı mübarizədə Fələstin və Livan xalqlarına dəstək üçün müsəlman dövlətlərin birləməsinin zəruriliyini vurğulayıb.
"İslam dünyasında mövcud olan fikir ayrılıqlarını bir kənara qoyub Fələstin və Livan xalqlarına dəstək olmaq lazımdır. Bu, böyük əhəmiyyət kəsb edir", - deyə Ərdoğan bildirib.
Türkiyə Prezidenti əlavə edib ki, İsrailin Qəzzada müharibəsi davam etməsinə baxmayaraq, Fələstin xalqı hələ də ayaqdadır:
““Sionist rejim” və onun tərəfdarları 13 ay ərzində hər cür zülm və soyqırımı törədiblər, lakin fələstinliləri ram edə bilməyiblər”.
Ərdoğan bildirib ki, Türkiyə Misir hakimiyyətinin dəstəyi ilə Qəzzaya 85 min tondan çox humanitar yardım çatdırıb.
Qeyd edək ki, BMT Təhlükəsizlik Şurasının Qəzzada atəşkəsin təmin olunmasına yönələn qətnaməsinə baxmayaraq, İsrailin Qəzzada hərbi əməliyyatları davam edir.
Yerli səhiyyə orqanlarının məlumatına görə, son bir il ərzində qadın və uşaqlar olmaqla 43 300-dən çox insan həlak olub, 102 000-dən çox insan isə yaralanıb.
Yunis Abdullayev
Cebheinfo.az