Ermənistan-ABŞ birgə təlimlərinə start verilib

Ermənistan-ABŞ birgə təlimlərinə start verilib

İyulun 15-də Ermənistan və ABŞ silahlı qüvvələri arasında “Eagle Partner 2024” (“Qartal tərəfdaşı 2024”) birgə təlimləri başlanıb.

“Cebhe.info”-nun məlumatına görə, təlimlərin başlanması Ermənistan Müdafiə Nazirliyinin Vazgen Sarkisyan adına Hərbi Akademiyasında elan edilib. Təlimin açılış mərasimində Ermənistanın müdafiə naziri Suren Papikyan, ABŞ-ın Ermənistan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Kristina Kuinn və başqaları iştirak ediblər.

Tədbirin əvvəlində Ermənistan və ABŞ-ın dövlət himnləri və “Qartal tərəfdaşı” təlimlərinin marşı səsləndirilib. Ermənistanın müdafiə naziri Suren Papikyan və ABŞ səfiri Kristina Kuinn təlimlərdə iştirak edən hərbi qulluqçulara salamlama nitqi ilə çıxış ediblər.

“Mən ABŞ ordusunun Avropa və Afrikadakı hərbçilərinin, iyirmi ildən artıqdır Ermənistanın tərəfdaşı olan Kanzas Milli Qvardiyasının, Ermənistan Silahlı Qüvvələrinin Sülhməramlı Briqadasının hərbçilərinin, təlim üçün effektiv planlaşdırma prosesində iştirak edən ABŞ səfirliyinin nümayəndələrinin və Ermənistan Müdafiə Nazirliyinin əməkdaşlarının əməyini yüksək qiymətləndirirəm”, - deyə Suren Papikyan bildirib.

Xatırladaq ki, Ermənistanda beynəlxalq sülhməramlı missiyalarda iştiraka hazırlıq məqsədilə keçirilən hərbi təlimlər iyulun 15-24-də baş tutacaq. Təlimlərdə Ermənistan Silahlı Qüvvələrinin sülhməramlı briqadasının, ABŞ-ın Avropa və Afrikadakı ordusunun və Kanzas Milli Qvardiyasının hərbçiləri iştirak edir.

Müşfiq Abdulla
“Cebhe.info”