Ermənistanın gerçək hədəfi: "Sezar"lar Azərbaycana, yoxsa Rusiyaya qarşı yönəlib?

Fransanın yerüstü və hava hücumundan müdafiə və təhlükəsizlik şirkətləri qrupunun təşkil etdiyi “Eurosatory 2024” beynəlxalq müdafiə və təhlükəsizlik sərgisində ondan çox erməni şirkəti iştirak edir.
“Cebhe.info”-nun məlumatına görə, həmin şirkətləri birgə keçirilən xüsusi tədbirdə Ermənistanın yüksək texnologiyalar sənayesi naziri Mxitar Ayrapetyan təqdim edib.
“Eurosatory” müdafiə sənayesi sərgisinin açılış mərasiminə Ermənistanın müdafiə naziri Suren Papikyan da qatılıb.
O, həmçinin Fransanın müdafiə naziri Sebastyan Lekornyu və digər yüksək rütbəli rəsmilərlə görüşlər keçirib, “Sezar” artilleriya komplekslərinin Ermənistana tədarükünə dair razılaşmalar əldə edilib.
Xatırladaq ki, Azərbaycan Müdafiə Nazirliyi Fransanın Ermənistana 155 mm-lik "Sezar" özüyeriyən artilleriya qurğularının satılmasına görə, iyunun 18-də bəyanat yayıb.
Qeyd edilir ki, Azərbaycan tərəfinin xəbərdarlığına rəğmən Fransanın Ermənistanı öldürücü və hücum təyinatlı artilleriya qurğuları və digər silah növləri ilə təchiz etməsi Fransanın Cənubi Qafqaz regionunda təxribatçı fəaliyyət aparmasının növbəti sübutudur.
“Ermənistan Azərbaycana qarşı hərbi təcavüz və işğal törətmiş dövlətdir. BMT Təhlükəsizlik Şurasının daimi üzvü olan Fransa tərəfindən qanlı hərbi təcavüz törətmək təcrübəsi olan Ermənistanın yenidən silahlandırılması və Ermənistan rəhbərliyinin revanşizm siyasətini dəstəkləməsi siyasi məsuliyyətsizlik olmaqla bərabər yeni müharibəyə aparan yoldur... Bəyan edirik ki, Cənubi Qafqaz regionunda vəziyyətin gərginləşməsinə və yeni müharibə ocağının yaranmasına görə məsuliyyəti tam şəkildə revanşist siyasət yürüdən Ermənistan rəhbərliyi və Makron diktaturası daşıyacaqdır”.
“APRI Ermənistan” analitik mərkəzinin baş elmi işçisi, hərbi ekspert Leonid Nersisyan hesab edir ki, “Sezar”ın alınması həm hərbi, həm də siyasi əhəmiyyət kəsb edən məsələdir.
Ekspert hesab edir ki, Ukraynadakı müharibədə ən təsirli haubitsalardan sayılan “Sezar” Rusiya artilleriyası ilə müqayisədə Ermənistana üstünlük gətirə bilər.
Rusiyanın Azərbaycana satdığı və 27 kilometr atəş məsafəsini vuran haubitsalardan daha keyfiyyətlidir. Lakin istər Nersisyan, istərsə də Ermənistan rəsmiləri Azərbaycanın uzaqvuran artilleriya qurğularını Rusiyadan deyil, daha çox NATO-ya üzv və müttəfiq olan ölkələrdən idxal etdiyini nəzərə almır.
“Siyasət də çox önəmlidir. Yəni Fransa “Sezar”ı Ermənistana satmağa razılıq versə, bu o deməkdir ki, Ermənistan Fransadan istədiyi silahı ala bilər: müdafiə, hücum, bu mövzu o qədər də önəmli deyil”, - deyə Nersisyan bildirib.
Hərbi ekspertin fikrincə, “Sezar”ın qiyməti alıcılarla razılaşmadan asılıdır.
“Əgər müxtəlif illərdəki əməliyyatlara baxsanız, bir ədədin qiyməti təxminən 4-6 milyon olacaq. Siyasi komponent də önəmlidir”. ““D-20”, “D-30”-dan danışırıqsa, sovet platformalarının müxtəlif artilleriyasında onların atəş məsafəsi iki dəfə və ya daha çox qısadır və burada tamamilə fərqli imkanlara malikdir. Bundan başqa, o, “Sezar” və Hindistan haubitsaları kimi idarə olunan raketləri vura bilir”, - hərbi ekspert belə deyib.
Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan 3 ay əvvəl İctimai Televiziyaya müsahibəsində deyib ki, əgər 2020-ci ildə hərbi-texniki əməkdaşlığın 96 faizi Rusiya ilə idisə, 2021-ci ilin yanvarından bu ilin əvvəlinə qədər bu, heç 10 faizə də çatmayacaq.
Yəni Ermənistan Fransa silahlarının alınmasına ordunun Qərb standartlarına uyğun modernləşdirlməsinin tərkib hissəsi kimi baxır. 44 günlük müharibə zamanı Ermənistan ordusunun darmadağın edilməsindən sonra Paşinyan hökuməti bu uğursuzluğun bir səbəbini də Rusiyadan keyfiyyətsiz silahların alınması ilə izah etmişdi.
Ona görə də Ermənistan hakimiyyəti 2021-ci ildə ordununun modernləşdirilməsinə dair konsepsiyanın hazırlanmasına başladı. Fransa və Hindistandan silahların idxalı da Rusiyanı Ermənistanın silah bazarından sıxışdırıb çıxartmağa xidmət edir.
Müşfiq Abdulla
“Cebhe.info”