Etirazçılar İrəvana daxil oldular - Toqquşma gözlənilir

Etirazçılar İrəvana daxil oldular - Toqquşma gözlənilir

Tavuş yeparxiyasının rəhbəri Baqrast Srbazanın rəhbərlik etdiyi etiraz yürüşü İrəvanın Şimal avtovağzalına bitişik əraziyə çatıb.

“Cebhe.info”-nun məlumatına görə, aksiyaya Jirair Sefilyanın rəhbərlik etdiyi “Qütb” partiyasının üzvləri də qoşulub.

Qeyd edək ki, aprelin 4-də Tavuş sakinləri və onlara qoşulan vətəndaşlar Tavuş yeparxiyasının sədri Baqrast Srbazanın başçılığı ilə Kirantsdan İrəvana yürüşə başlayıblar.

Onlar mayın 9-da İrəvanda olacaqlarını və kütləvi aksiyalarla sərhədlərin delimitasiyası prosesini dayandırmağa çalışacaqlarını bəyan ediblər.

Bu gün Milli Təhlükəsizlik Xidməti və polis hərəkat tərəfdarlarını qanunun aliliyinə hörmət etməyə və ictimai asayişi pozmağa yönəlmiş hərəkətlərdən çəkinməyə, həmvətənlərinin hüquqlarına hörmət etməyə çağırıb.

Milli Təhlükəsizlik Xidməti xüsusilə vurğulayıb  ki, Konstitusiya quruluşunu təhdid edən hər hansı qanunsuz davranış qanunla müəyyən edilmiş bütün vasitələrdən istifadə edilməklə neytrallaşdırılacaq.

Polis həmçinin qeyd edib ki, hər hansı qanunsuzluğun baş verməsi müvafiq qaydada cinayət əməli kimi qiymətləndiriləcək. 

Baqrat Srbazan “Azadlıq” radiosunun Ermənistan xidmətinə açıqlamasında bu müraciətə münasibətinin çox pis olduğunu bildirib: 

“Onlar özlərinə həvalə edilmiş səlahiyyətləri aşırlar və mən birbaşa onlara müraciət etdim. Birincisi, bu müddət ərzində heç kim qanun pozuntusuna və ya qanunsuz hərəkətlərə yol verməyib, heç nə edə bilməz. Biz sülh, barışıq mesajı ilə gedirik. Nədən qorxurlar?”, - deyə arxiyepiskop qeyd edib. 

Müşfiq Abdulla 
“Cebhe.info”