Evində öldürülən prezidentin ölkəsində yeni rəhbər

Evində öldürülən prezidentin ölkəsində yeni rəhbər

Haitidə yeni Baş nazir elan edilib.

"Cebhe.info" xəbər verir ki, ölkənin paytaxtı Port-au-Prinsdəki Milli Sarayda toplaşan Prezident Keçid Şurası keçmiş idman naziri Fritz Belizaireyi ölkənin yeni Baş naziri təyin edib. Prezident yanında Keçid Şurasının üzvləri Belizairenin andiçmə mərasimində iştirak ediblər. 

Hakimiyyət orqanlarından verilən açıqlamada bildirilib ki, Prezident yanında Keçid Şurasının üzvləri ölkədə ictimai təhlükəsizliyin bərpası üçün Milli Polis və Silahlı Qüvvələrin iştirakı ilə geniş müşavirə keçirib. Ölkədə yeni prezidentin xalq tərəfindən seçilməsi üçün seçkilər ən geci 7 fevral 2026-cı il tarixinə qədər keçirilməlidir. Qeyd edək ki, Amerika qitəsinin ən kasıb ölkələrindən biri olan Haiti quldur dəstələrinin yaratdığı zorakılıq spiralına və hakimiyyət boşluğuna görə iqtisadi çöküşün astanasındadır. Uzun illərdir siyasi, iqtisadi və təhlükəsizlik böhranları kimi fundamental problemlərlə mübarizə aparan Haitidə 11 milyondan çox əhali aclıq təhlükəsi ilə üz-üzədir. 

Haitinin 53 yaşlı Prezidenti Jovenel Moise 2021-ci il iyulun 7-də silahlı şəxslərin evinə hücumu nəticəsində öldürüldükdən sonra təhlükəsizlik böhranı səbəbindən ölkədə prezident seçkiləri keçirilməyib. 

Nigar Hacılı 
"Cebhe.info"