Güneyli fəallar aclıq aksiyasına başlayıblar

Güneyli fəallar aclıq aksiyasına başlayıblar

Həbsdə saxlanılan güneyli milli fəallar aclıq aksiyasına başlayıblar.

“Cebhe.info” xəbər verir ki, Tehranda Evin həbsxanasında qeyri-müəyyən vəziyyətdə saxlanılan bir neçə güneyli milli fəal aclıq aksiyası keçirir.

Məlumata görə, Əbdüləziz Əzimi Qədim, Tahir Nəqəvi və Hüseyn Piri dünəndən etibarən qeyri-müəyyən şəraitdə saxlanılmalarına, ETTELAAT (Təhlükəsizlik və Kəşfiyyat idarəsi) qüvvələrinin və məhkəmə orqanlarının qanunsuz əməllərinə etiraz əlaməti olaraq aclıq aksiyasına əl atıblar.

Məhbuslar barələrində irəli sürülən ittihamlarla razılaşmadıqlarını, məhkəmə iclaslarının açıq keçirilməsi tələbini vurğulayıblar. Onlar tələbləri yerinə yetirilməyəcəyi halda aclıq aksiyasını davam etdirəcəkləri ilə bağlı xəbərdarlıq da ediblər.

İrəli sürülən tələblərin təmin olunmadığı, məhkəmə iclaslarının açıq keçirilməsinə icazə verilməyəcəyi təqdirdə barmaqlıqlar arasında olan başqa milli fəalların da aclıq aksiyasına qoşulacaqları gözlənilir.

Yunis Abdullayev 
“Cebhe.info”