Hindistanda 47 nəfər saxta spirtli içkidən ölüb

Hindistanın cənubunda Tamil Nadu əyalətinin Kallakuruçi bölgəsində saxta spirtli içkilərdən zəhərlənmə nəticəsində ölənlərin sayı 47-yə yüksəlib.
"Cebhe.info" xəbər verir ki, bu barədə "India TV News" məlumat yayıb.
Daha əvvəl 34-ə yaxın qurbanın olduğu, 118 nəfərin isə xəstəxanalarda müalicəsinin davam etdiyi bildirilirdi.
Hindistanda çərşənbə günündən bəri saxta spirtli içki qəbul edən ən azı 150 nəfər başgicəllənmə, baş ağrısı, qusma, ürəkbulanma, qarın ağrısı və göz narahatlığı kimi simptomlarla xəstəxanaya yerləşdirilib.
Tamil Nadu əyalətinin Baş naziri M. K. Stalin həyatını itirənlərin ailələrinə 1 milyon rupi (12 min dollar), xəstəxanaya yerləşdirilənlərə isə 50 min rupi (598 dollar) təzminat ödəniləcəyini açıqlayıb.
Məlumata görə, hadisə ilə bağlı indiyədək 4 nəfər saxlanılıb.
Hindistanda hər il onlarla insan piştaxtanın altında istehsal olunan qeyri-qanuni spirtdən zəhərlənərək ölürlər.
Nigar Hacılı
"Cebhe.info"