İran İsfahandakı hücuma cavab verəcəyini açıqlayıb

İran İsfahandakı hücuma cavab verəcəyini açıqlayıb

İran parlamentinin xarici siyasət və milli təhlükəsizlik komissiyasının üzvü Mahmud Abbaszadə Meşkini Ukrayna prezidentinin aparat rəhbərinin müşaviri Mixail Podolyakın bəyanatları fonunda bildirib ki, İsfahanda İranın Müdafiə Nazirliyinin obyektinə hücum İran tərəfindən cavabsız qalmayacaq.

Cebhe.info xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.

Meşkini iddia edib ki, Ukrayna hakimiyyəti indi cavabdan qorxduğundan İrana qarşı daha açıq hücumlar etmir.

Siyasətçi əlavə edib ki, Ukrayna tərəfinin mövqeyi Tehranı təəccübləndirmir: "Çünki Ukraynanın hərəkətləri Qərbin hegemonluğu ilə uzlaşmalıdır”, - deyə Meşkini bildirib.

Bundan əlavə, onun sözlərinə görə, İran Ukrayna münaqişəsində Qərbin tərəfində dayanmayacaq.

Xatırladaq ki, bundan əvvəl Podolyak öz "Tvitter" səhifəsində yazıb: “Ukrayna sizə xəbərdarlıq etdi”.

Belə ki, son vaxtlar İranın "Şahid" dronlarının Ukraynadakı müharibədə istifadə edilməsi üçün Rusiya ordusuna göndərildiyi məlum olub. Podolyakın bu eyhamı ona işarə edilib.

Xatırladaq ki, yanvarın 29-na keçən gecə İranın İsfahan şəhərində güclü partlayış baş verib. İran Müdafiə Nazirliyi bunun pilotsuz təyyarələrin “uğursuz hücumu” olduğunu bildirib. Yerli media partlayışların ən azı beş əyalətdə baş verdiyini iddia edib.

Sevinc Tapdıqqızı
Cebhe.info