İranda prezident seçkilərinin “nəticələri” elan edildi

İranda prezident seçkilərinin “nəticələri” elan edildi

İranda hakimiyyətyönlü “Parsine” saytının keçirdiyi rəy sorğusunun nəticələri iyunun 28-də keçiriləcək prezident seçkilərinin qalibinin adını deməyə əsas verir.

“Cebhe.info”-nun məlumatına görə, mühafizəkar mövqeyi ilə tanınan “Parsine”  rəy sorğularına istinad edərək respondentlərin 52 faizdən çoxunun iyunun 28-nə təyin edilmiş növbədənkənar prezident seçkilərində səs verməyi planlaşdırdığını yazıb.

Qeyd edək ki, qarşıdan gələn prezident seçkilərində Məsud Pezeşkian, Mustafa Purməhəmmədi, Səid Cəlili, Əlirza Zəkani, Əmirhüseyn Qazizadə Haşimi və Məhəmməd Bağır Qalibaf namizəd kimi iştirak etmək hüququ qazanıblar. 

Ötən həftə açıqlanan rəy sorğuları milliyətcə Azərbaycan türkü olan, sabiq səhiyyə naziri Məsud Pezeşkianın reytinq göstəricilərinin digər rəqiblərindən üstün olduğunu  göstərib. İslahatçıların vahid namizədi kimi seçkilərə qatılan Pezeşkianın adının korrupsiya qalmaqallarında hallanmaması İrandakı bütün millətlər arasında ona etimadı artırıb. Hətta ölkənin ən nüfuzlu islahatçı namizədləri belə, ona səs verəcəklərini bildiriblər. 

Lakin “Parsine” saytının keçirdiyi “sorğu”nun nəticələri prezident postuna ali rəhbər Ayətullah Seyid Əli Xamaneyi və İranın bütün idarəetmə strukturlarına nəzarəti ələ keçirmiş İnqilab Keçikçiləri Korpusunun (SEPAH) ortaq namizədinin təyin olunacağından xəbər verir.

Həmin şəxs mühafizəkar düşərgənin təmsilçisi və İran parlamentinin sədri Məhəmməd Bağır Qalibafdır. Əvvəllər Tehran şəhərinin meri və SEPAH-ın komandanı vəzifələrini tutmuş general Qalibaf prezidentliyə iddialı şəxs kimi tanınır. Lakin korrupsiya qalmaqallarında adı çəkilən Qalibafın cəmiyyətdə nüfuzu çox aşağıdır.

Buna baxmayaraq, Məhəmməd Bağır Qalibaf həm ali rəhbərin, həm də SEPAH-ın dəsətyi hesabına prezident olmaq fürsətini əldən buraxmaq istəmir. Sələfi İbrahim Rəisidən fərqli olaraq, o, ali rəhbər postuna iddialı deyil. Xüsusilə də Qalibafın adının korrupsiya cinayətlərində hallanması onun itaətkar şəxs kimi prezident vəzifəsinə irəli çəkilməsinə səbəb ola bilər. Qalibafın seçkilərdə qələbəsini təmin etməklə SEPAH prezident kürsüsünə nəzarəti də ələ almış olacaq. 

“Parsine” sayının keçirdiyi sorğunun nəticələrinə görə, Məhəmməd Bağır Qalibaf ümumi səslərin 29 faizini qazana bilər. İslahatçıların namizədi Məsud Pezeşkianın isə 21 səs toplayacağı gözlənilir. Rəyi soruşulanların 18 faizi Səid Cəliliyə, 4 fasizi digər namizədlərə səs verəcəklərini bildiriblər. 

“Sorğu”nun nəticələrindən də göründüyü kimi, İranın rəhbərliyi Məhəmməd Bağır Qalibafın üzərində dayanıb. Lakin reytinqi kifayət qədər aşağı olan Qalibafı cəmiyyətə qəbul etdirmək heç də asan olmayacaq. 

“Parsine” saytının yaydığı məlumat da çox güman ki, xalqı sürpriz nəticələrə hazırlamaq məqsədi daşıyır. Yəni İran seçicilərinin kimə səs verməsindən asılı olmayaraq, Məhəmməd Bağır Qalibaf prezident elan ediləcək. 

İlk debatda namizədlərin iqtisadi vədlərinə istinad edən Qalibaf zəifləri dəstəkləyəcəyini ölkə iqtisadiyyatını daha yaxşı idarə edəcəyini və diplomatik yollarla sanksiyaları qaldırmağa çalışacaq “qüdrətli” prezident olacağına söz verib.

“Associated Press” yazdığına görə, iqtisadi məsələlərin həllinə baxmayaraq, namizədlər nüvə sazişini nəzərdən keçirməkdən imtina ediblər. 

İrandakı seçkilərin yekunu Qəzza müharibəsi və regional vəziyyətlə bağlı Qərb ölkələri üçün böyük əhəmiyyət daşıdığı qeyd edilir. Əgər İranda SEPAH-ın sabiq konmandanı və ultramühafizəkar mövqeyi ilə tanınan Qalibaf prezident seçilərsə, İsrail və ABŞ-la qarşıdurma daha gərgin mərhələyə daxil ola bilər.

Müşfiq Abdulla 
“Cebhe.info”