Kılıçdaroğlu yenidən CHP-nin sədri olacaq?

Kılıçdaroğlu yenidən CHP-nin sədri olacaq?

Türkiyənin Cümhuriyyət Xalq Partiyasının (CHP) sabiq sədri Kamal Kılıçdaroğlu ilə bağlı sürpriz iddia yayılıb.

"Cebhe.info" xəbər verir ki, siyasətçinin yenidən CHP-yə qayıdacağı önə sürülüb.

Türkiyə mətbuatında dərc olunan xəbərlərə əsasən, Kamal Kılıçdaroğlu yenidən CHP-nin sədri olmaq üçün hərəkətə keçib. Hətta onun yenidən qurultay keçirilməsini istədiyi də iddia olunur.

Belə ki, son qurultayda Özgür Özələ səs verən 120 üzvün yenidən Kılıçdaroğlunu dəstəkləyəcəyi düşünülür. Ona görə də hazırkı şəraitdə keçiriləcək qurultayda üstünlüyün Kamal Kılıçdaroğlu tərəfində olacağı proqnozlaşdırılır. Kılıçdaroğlunun özünün deyil, ətrafının bunun üçün olduqca istəkli olduğu da qeyd olunur.

Bundan başqa, Kamal Kılıçdaroğlu yenidən CHP sədri seçiləcəyi təqdirdə, 2028-ci ildə keçiriləcək prezident seçkilərində İstanbul Böyük Şəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlunun namizədliyini irəli sürə bilər. Son məlumatlara əsasən, tərəflər arasında yaşanan gərginlik də arxada qalıb. 

Hətta yaxın zamanlarda Kamal Kılıçdaroğlu və Əkrəm İmamoğlu arasında bir görüş keçirilə biləcəyi deyilir.

Tərəflərin razılaşacağı təqdirdə, keçiriləcək növbəti qurultayda İmamoğlunun tərəfdarlarını Kılıçdaroğluna səs verməyə çağıracağı önə sürülür. 

Kılıçdaroğlu və İmamoğlunun Özgür Özələ qarşı bu addımı atmağa hazırlaşdığı iddiası isə siyasi kulislərdə geniş müzakirələrə səbəb olub. Lakin tərəflərin heç biri yayılan xəbərlərə münasibət bildirməyib. 

Elmir Mustafa 
"Cebhe.info"