KXDR Cənubi Koreya sərhədində divar tikir

KXDR Cənubi Koreya sərhədində divar tikir

“BBC News” telekanalının xəbər qrupu Koreya Xalq Demokratik Respublikasının (KXDR) cənub sərhədinə yaxın bölgədə artan hərbi fəaliyyətini peyk vasitəsilə araşdırıb.

"Cebhe.info" xəbər verir ki, BBC tərəfindən təhlil edilən peyk görüntüləri, Şimali Koreyanın Cənubi Koreya sərhədinə yaxın bir çox nöqtədə divar kimi görünən strukturlar inşa etdiyini ortaya çıxarıb.

Təhlil edilən peyk görüntüləri göstərir ki, Şimali Koreyanın nəzarətində olan demilitarizasiya zonasında torpaqlar təmizlənib.

Sərhədin 7 kilometrlik hissəsinin yüksək ayırdetmə qabiliyyətinə malik peyk görüntüləri göstərir ki, Şimali Koreya bu ərazinin yaxınlığında divara bənzər tikililər inşa edib.

Bölgədə əvvəlki yüksək keyfiyyətli qeydlərin olmaması səbəbindən tikintinin nə vaxt başladığı dəqiq bilinmir və bu strukturlar 2023-cü ilin noyabrında çəkilmiş şəkildə görünmür.

Cənubi Koreyanın paytaxtı Seulda yerləşən Asan Siyasət Araşdırmaları İnstitutundan hərbi və müdafiə eksperti Dr.Uk Yang BBC-yə peyk görüntüləri ilə bağlı bunları deyib:

"Şəxsi qiymətləndirməmə görə, ilk dəfədir ki, bir yeri digərindən ayırmaq üçün sədd çəkirlər. 1990-cı illərdə Şimali Koreya müharibə vəziyyətində tankların irəliləməsinin qarşısını almaq üçün tank əleyhinə divarlar inşa etmişdi, lakin son vaxtlar Şimali Koreya 2-3 metr hündürlüyündə divarlar tikir və bunlar tank əleyhinə divarlara bənzəmir".

Nigar Hacılı 
"Cebhe.info"