Məhkəmə Putinin həbsinə order verdi

Məhkəmə Putinin həbsinə order verdi

Dünyanın bir sıra ölkələri ötən ilin fevralın 24-də Rusiya Prezidenti Vladimir Putinin Ukraynaya başlatdığı xüsusi hərbi əməliyyatlar səbəbindən onun beynəlxalq tribunala verilməsini tələb edirdi.

Nəhayət, Haaqa Beynəlxalq Cinayət Məhkəməsi Rusiya Prezidenti Vladimir Putinin həbsinə order verib.

Cebhe.info "Netqazeti"yə istinadən xəbər verir ki, müvafiq press-reliz məhkəmənin saytında yerləşdirilib.

Qeyd edək ki, Putin Ukraynanın işğal olunmuş ərazilərindən uşaqları Rusiyaya qanunsuz deportasiya etməkdə şübhəli bilinib.

Məhkəmənin izah edib ki, buna görə Putinin şəxsən məsuliyyət daşıdığına tutarlı sübutlar var.

Ukrayna tərəfinin məlumatına görə, söhbət ən azı 16 min uşaqdan gedir.

"Putinin ittiham olunduğu cinayətlər ən azı 2022-ci il fevralın 24-dən bəri törədilib", - deyə məlumatda həmçinin qeyd edilib.

Onu da vurğulayaq ki, oxşar həbs qərarı Rusiya Federasiyasının Prezidenti yanında Uşaq Hüquqları üzrə müvəkkili Mariya Lvova-Belovaya qarşı da verilib.

Bu arada Ukrayna Prokurorluğu artıq Haaqa məhkəməsinin qərarına reaksiya verib. Ukraynanın baş prokuroru Andrey Kostin rəsmi "Telegram" kanalında yazıb ki, dünya liderləri Putinin əlini sıxmazdan və ya onunla danışıqlar masasına oturmazdan əvvəl üç dəfə düşünəcəklər:

"Dünya Rusiya rejiminin cinayətkar olduğu və onun rəhbərliyi və müttəfiqlərinin cavabdehlik daşıyacağına dair siqnal aldı”, - deyə Kostin bildirib.

Eyni bəyanatda Kostin açıqlayıb ki,Haaqa Beynəlxalq Cinayət Məhkəməsi ilə ünsiyyətdə olduğu bir il ərzində Ukrayna tərəfi onlara 40 cilddən çox material təhvil verib.

Əlavə edək ki, Ukrayna Prezidentinin dəftərxanasının rəhbəri Andrey Yermak öz növbəsində Putinin həbsinə dair orderin sadəcə başlanğıc olduğunu deyib.
Bu arada Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib ki, Beynəlxalq Cinayət Məhkəməsinin qərarlarının Rusiya üçün heç bir əhəmiyyəti yoxdur.

Sevinc Tapdıqqızı
Cebhe.info