Məşhur avtomobil istehsalçısı iflas etdi

ABŞ-də yerləşən elektrik avtomobil istehsalçısı "Fisker" iflas elan edib.
"Cebhe.info" xəbər verir ki, istehsalçı iyunun 17-də Delaver ştatında ABŞ İflas Məcəlləsinin 11-ci Fəsli üzrə iflas elan edib.
Aktivlərin satışı ilə bağlı maliyyə maraqlı tərəflərlə danışıqlar aparıldığı açıqlanıb və “Fisker”in qurulduğu gündən bəri inanılmaz irəliləyiş əldə etdiyi bildirilib:
“Lakin biz də elektrikli avtomobil sənayesindəki digər şirkətlər kimi, səmərəli fəaliyyət göstərmə qabiliyyətimizə təsir edən müxtəlif bazar və makroiqtisadi proseslərlə qarşılaşdıq".
“Fisker”in daha əvvəl elan etdiyi istehsalı dayandırma qərarının icrasına davam ediləcəyi də bildirilib.
Qeyd edək ki, son vaxtlar tələbin zəifləməsi, maliyyə vəsaitlərinin toplanmasındakı çətinliklər və qlobal təchizat zənciri problemləri səbəbindən rəqabətli elektrik avtomobil bazarında əməliyyat çətinlikləri yaranıb.
“Lordstown Motors”, “Proterra”, “Electric Last Mile Solutions” və “Arrival” iflas üçün müraciət etmiş digər elektrik avtomobil istehsalçıları arasındadır.
Xatırladaq ki, 2023-cü ildə "Fisker" 10 mindən çox elektromobil istehsal edib ki, bu da proqnozun dörddə birindən azdır. Bununla belə şirkət cəmi 4,7 min avtomobil sata bilib.
Nigar Hacılı
"Cebhe.info"