Peskov: “Moldovadakı seçkilərə müdaxilə etməmişik”
“Rusiya Moldovada prezident seçkiləri proseduruna müdaxilə etməyib və bunu heç cür edə bilməzdi”.
Bunu Kremlin mətbuat katibi Dmitri Peskov deyib.
Onun sözlərinə görə, hətta Moldova müxalifəti qanunsuz təhdid, təzyiq və həbslərə məruz qalır:
“Rusiyanın bununla nə əlaqəsi var? Bu, Moldova rəhbərliyinin qeyri-demokratik, avtoritar xəttidir”.
Peskov, həmçinin əlavə edib ki, Rusiya mütəmadi olaraq ölkəyə qarşı əsassız ittihamların səsləndirildiyini eşidir:
“Lakin bu ittihamların heç biri etibarlı məlumatlarla əsaslandırılmayıb”.
Xatırladaq ki, noyabrın 3-də Moldovada prezident seçkilərinin ikinci turu keçirilib. Moldova Mərkəzi Seçki Komissiyası bülletenlərin 100 faizinin hesablanmasından sonrakı nəticələri açıqlayıb.
Məlumata görə, ölkənin hazırkı Prezidenti Maya Sandu 55,33 faiz səslə qalib gəlib. Onun rəqibi, ölkənin keçmiş Baş prokuroru Aleksandr Stoyanoqlo isə 44,67 faiz səs toplayıb.
"Cebheinfo.az"