Niderlandda anım tədbiri keçirildi

Niderlandda anım tədbiri keçirildi

Niderlandın Hilversum şəhərində İsrailin Qəzza və İordan çayının qərb sahilinə etdiyi hücumlarda həyatını itirən fələstinli jurnalistlər və uşaqlar üçün anım tədbiri keçirilib.

"Cebheinfo.az" xəbər verir ki, Niderland mərkəzli "Zeytun Ağacı Əkmək Fondu"nun təşkilatçılığı ilə Hilversumda milli yayımçılar üçün televiziya və radio proqramlarının hazırlandığı Mediapark meydanı və ictimai yayım şirkəti NPO-nun binası qarşısında təşkil edilən tədbirdə İsrailin Qəzza və Qərb Şəriyədəki hücumlarında ölən minlərlə uşaq və fələstinli jurnalistlər anılıb.

Meydanda öldürülən jurnalistlərə və uşaqlara diqqət çəkmək üçün İsrailin hücumlarında həlak olan jurnalistlərin fotoşəkilləri, eləcə də minlərlə uşaq ayaqqabısı sərgilənib. 

Eyni zamanda, tədbirdə Qəzza və İordan çayının qərb sahilində həyatını itirən jurnalistlərin və uşaqların adları və yaşları oxunub.

Meydanda Qəzzada xidmət edərkən İsrailin hava hücumu nəticəsində həlak olan Anadolu Agentliyinin 33 yaşlı operatoru Müntəsir əs-Səvvafın fotoşəkili də sərgilənib.

Könüllülər yoldan keçənlərə Qəzzada baş verənlərlə bağlı broşürlər paylayıb və məlumat veriblər.

"Zeytun Ağacı Əkmək Fondu"nun rəhbəri Ester van der Most, İsrailin Qəzzaya hücumlarında həlak olan fələstinli uşaqlar üçün onuncu dəfə anma mərasimi təşkil etdiklərini söyləyib.

İsrailin Qəzza zolağına 7 oktyabr 2023-cü ildən bu yana həyata keçirdiyi hücumlarda 17 min 210-u uşaq, 11 min 742-si qadın olmaqla 43 min 341 fələstinli həyatını itirib, 102 min 105 nəfər isə yaralanıb.

Nigar Hacılı 
"Cebheinfo.az"