"Qızıl viza": Bəzi ölkələr niyə müraciətdən imtina edir? – ARAŞDIRMA

"Qızıl viza" və "qızıl pasport"lar yüksək gəlirli insanlar arasında daha çox populyardır.
"Cebhe.info" xəbər verir ki, İspaniya Avropa İttifaqı (Aİ) vətəndaşlarına investisiya müqabilində sürətli yaşayış icazəsi verən “qızıl viza” praktikasını ləğv etməyi planlaşdıran ölkələr sırasındadır.
İspaniyanın Baş naziri Pedro Sançez mənzil əldə etməyin insanların haqqı olduğunu, yalnız bir kommersiya fərziyyə olmadığını hədəflədiklərini söyləyib:
"Mənzil bazarı böyük təzyiq altındadır və tələbat olan yerlərdə yaşayan və işləyən insanlar üçün əlverişli mənzil tapmaq qeyri-mümkün hala gəldi".
Bir çox investor bu proqramı yeni yerdə yeni həyata başlamaq və ya öz ölkələrində siyasi, sosial və ya iqtisadi risklərdən qaçmaq üçün bir fürsət kimi görür.
Lakin anti-korrupsiya kampaniyaları və siyasətçilər xəbərdarlıq edirlər ki, sistemdən sui-istifadə edilə bilər və bu, bir çox ölkədə evlərin qiymətlərini yerli əhali üçün əlçatmaz edir.
Bəs "qızıl viza" və ya "qızıl pasport" nədir?
“Qızıl viza” proqramı zəngin əcnəbilərə böyük sərmayə müqabilində başqa ölkədə yaşamaq və işləmək hüququ verir. Viza almaq üçün tələb olunan məbləğ Panamada iqamətgahda 100 000 ABŞ dolları məbləğində investisiyadan, Lüksemburqda yerləşən maliyyə institutunda 21.4 milyon dollarlıq əmanətə qədər dəyişir.
Bundan əlavə, "qızıl pasport" tətbiqi də var. Bu, varlı şəxslərə vətəndaşların istifadə etdiyi bütün hüquq və azadlıqlardan, o cümlədən müraciət etdikləri ölkədə işləmək və səs vermək imkanı verir.
"BBC"-yə açıqlamasında İngiltərədəki London İqtisadiyyat Məktəbinin Siyasi Sosiologiya üzrə dosenti və "Qızıl Pasport: Milyonerlər üçün Qlobal Mobillik" kitabının müəllifi Kristin Surak deyir ki, “qızıl viza” verən təxminən 60 ölkə var.
O, təxminən 20 ölkənin sərmayə yolu ilə vətəndaşlıq verdiyini və bu ölkələrin yarısının ildə 100-dən çox müraciət aldığını, "Ən çox vətəndaşlıq satan ölkə Türkiyədir" deyib.
Surakın araşdırmasına görə, Türkiyənin "qızıl pasport" proqramına müraciətlər illik qlobal vətəndaşlıq satışlarının təxminən yarısını təşkil edir. Surak qeyd edir ki, Malayziya və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) məşhur istiqamətlərdir. Sent Kitts, Dominika, Vanuatu, Qrenada, Antiqua və Malta "qızıl pasport" verən əsas ölkələr sırasındadır.
Avropa ittifaqı (Aİ) Şurası Şengen zonasına daxil olan ölkələr arasında vizasız səyahətə icazə verdiyi üçün "qızıl viza" üçün ən çox müraciət alan regionlar sırasındadır. 2020-ci ildə Aİ-də "qızıl viza" verən 14 ölkə vardı.
Yunanıstan, Latviya, Portuqaliya və İspaniya "qızıl viza"ların təsdiqlənməsinin 70 faizindən çoxunu təşkil edib. Lakin bu ölkələrin bir çoxu proqramları məhdudlaşdırmaq üçün hərəkətə keçib.
Varlı əcnəbi vətəndaşların əmlaklarını özləri ilə gətirdikləri təqdirdə ölkədə məskunlaşmalarına icazə verən Britaniya hökumətinin proqramı 2022-ci ildə başa çatdı.
İrlandiya 2023-cü ildə "qızıl viza"nı ləğv edərkən, Portuqaliya öz təcrübəsinə yenidən baxdı və mülk alışı müqabilində artıq yaşayış icazəsi verməməyə qərar verdi.
Niyə tələbat bu qədər yüksəkdir?
"Qızıl viza" və "qızıl pasport"lar, daha yaxşı iş imkanları, həyat tərzi, təhsil imkanları və ya sağlamlıq xidməti axtaran zəngin insanlar arasında populyardır.
İnvestisiya müqabilində yaşayış və vətəndaşlıq üçün konsaltinq xidmətləri göstərən İngiltərədə yerləşən "La Vida Golden Visas" şirkətinin marketinq meneceri Lizzie Edvards bildirib ki, “Bugünkü dünyada qeyri-müəyyənliklər qarşısında ikinci iqamətgah və ya pasport ehtiyacı heç vaxt bu qədər güclü olmamışdı. İnvestorları həvəsləndirən səbəblər müxtəlif olsa da, müraciətlərin əsas səbəbləri arasında təhlükəsizlik məqsədləri, vizasız səyahətlərin genişləndirilməsi, təhsil və iş imkanları da daxil olmaqla qlobal imkanların artırılması daxildir”.
"Qızıl viza" və ya "pasport"u necə əldə etmək olar?
Qaydalar ölkəyə və investisiya növünə görə dəyişir. Məsələn, Türkiyə 400 min dollar və daha çox dəyərində ev alan əcnəbilərə "qızıl pasport" təklif edir.
Bəzi ölkələr, məsələn, Lüksemburq kimi ölkələr, mövcud Lüksemburq şirkətinə ən azı 536 000 ABŞ dolları və ya maliyyə institutuna 21.4 milyon ABŞ dolları məbləğində sərmayə yatırmaq üçün "qızıl viza" verir. Bir çox ölkələr tədqiqat və inkişaf fəaliyyətləri üçün ianə və ya investisiyaları da qəbul edirlər.
Hökumətlərin bu cür təcrübələri həyata keçirməsi üçün ən mühüm motivasiyalardan biri öz ölkələrinə kapital transferini təmin etmək və iqtisadiyyatı stimullaşdırmaqdır.
Dr. Kristin Surak və Yusuke Tsuzuki tərəfindən hazırlanan və "Journal of Ethnic and Migration Studies"də dərc olunan araşdırmaya görə, 2013-2019-cu illər arasında Portuqaliyanın xarici investisiyalarının 14,4 faizi "qızıl viza"lardan keçib. Bu göstərici Latviyada 12,2 faiz, Yunanıstanda isə 7 faizdən yuxarı olub.
Bəs niyə bu qədər müzakirə olunur?
Bəzi mütəxəssislər xəbərdarlıq edirlər ki, "qızıl viza" və "qızıl pasport"lar korrupsiyaya və yerli əhali üçün mənzil böhranına səbəb ola bilər.
100-dən çox ölkədə korrupsiyaya qarşı işləyən qlobal qeyri-hökumət təşkilatı olan "Transparency International" xəbərdarlıq edir ki, Aİ-dəki planlar “real investisiya və ya miqrasiya haqqında deyil, korrupsiya maraqlarına xidmət etməkdir”.
"Transparency İnternational"ın nümayəndəsi Eka Rostomaşvilinin sözlərinə görə, bu cür proqramları həyata keçirən ölkələrdə bəzi lazımi araşdırma tədbirləri var, lakin onlar həmişə nəzərdə tutulduğu kimi işləmir. Aİ-nin müxtəlif qurumları tərəfindən də tənqidlər səsləndirilib.
2022-ci ildə Aİ Vətəndaş Azadlıqları, Ədliyyə və Daxili İşlər Komitəsi "qızıl pasport"ların qadağan edilməsinə səs verdi və Aİ-yə vizasız girişi olan üçüncü ölkələrdən "qızıl pasport" təcrübələrini dayandırmağı xahiş etdi.
Kristin Surak bu üsullarla çirkli pulların yuyulmasının mümkün olduğunu, lakin “daha asan və daha ucuz alternativlərin də olduğunu” deyib.
Müxtəlif ölkələr müxtəlif investisiyalar təklif etsə də, müraciət edənlərin əksəriyyəti mənzil almağa üstünlük verir ki, bu da daşınmaz əmlakın qiymətlərini artırır.
Bununla belə, Kristin Surakın araşdırması göstərir ki, əksər ölkələrdə bunun təsiri məhduddur. Məsələn, İspaniya ildə təxminən 2 min müraciət qəbul edir və 48 milyon əhalisi olan ölkədə 2 min ev satışının əhəmiyyətsiz olduğu vurğulanır.
Bununla belə, mənzil satışı ümumiyyətlə, arzu olunan ərazilərdə cəmləşir və əcnəbilər arasında populyar olan müəyyən sahələrdə daha çox özünü göstərir.
Nigar Abdullayeva
"Cebhe.info"